Şuşanın işğalından 26 il keçir

08 May, 2018 08:48 | Siyasət | Baxış sayı: 68
Şuşa işğaldan sonra
Şuşa işğaldan sonra

Ermənilərin törətdiyi qırğın nəticəsində 195-dən çox adam həlak olub

Bu gün ermənilərin Şuşanı işğalından 26 il ötür. 8 may 1992-ci il tarixdə qalmış Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı.

1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Şuşa talan olunub.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 195-dən çox azərbaycanlı şəhid, 102 nəfər əlil olub, 165 nəfər isə itkin düşüb.

İşğal nəticəsində 289 kvadratkilometrlik ərazi zəbt olunub. Düşmən bir sıra tarixi-mədəniyyət abidələrini talan edib. 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb, 20 kitabxana yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib, müqəddəs məbəd və məscidlər təhqir edilib.

Bu siyahıya dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.