Paşinyanın arvadı erməni millətçilərini hiddətləndirdi - VİDEO

08 Aprel, 2019 19:36 | Siyasət | Baxış sayı: 385
Anna Akopyan
Anna Akopyan

Anna Akopyanın babasının azərbaycanlı olduğunu iddia ediblər

Ermənistan baş nazirinin arvadı, jurnalist Anna Akopyan ABŞ-a səfəri zamanı verdiyi müsahibə erməni millətçilərini özündən çıxarıb. 

İstiPress-in "yerkramas.org"a istinadən məlumatına görə, Bostonda "Amerikanın səsi" radiosunun erməni xidmətinə müsahibəsində o, özünün “Qadınlar sülh naminə” təşəbbüsü haqda danışıb. Etiraf edib ki, minlərlə erməni əsgəri Azərbaycan ərazilərini işğal edərkən mənasız yerə həyatlarını itiriblər.

Anna Akopyan deyib ki, onun çağırışı atəşkəsin qorunması naminə təkcə azərbaycanlı qadınlara deyil, Qarabağ münaqişəsinin “bütün tərəflərinə” yönəlmişdi.

“İllər boyu davam edən qarşıdurma ərzində hər iki tərəfdən çoxsaylı qurbanlarımız olub. Minlərlə qurban var, amma biz onları boş yerə vermişik, çünki həmin qurbanlar bizi münaqişənin nizamlanmasına bir santimetr də olsun yaxınlaşdırmayıblar, əksinə, uzaqlaşdırıblar. Çünki nifrətin hökm sürdüyü şəraitdə biz münaqişənin həllini tapa bilmərik”,- deyə o bildirib.

Bu, erməni millətçilərini özündən çıxarıb. "Youtube"da onun videosunun altına rəy yazan erməni millətçiləri Anna Akopyanı Azərbaycanı sevməkdə günahlandırıblar. İddia ediblər ki, Qarabağda ölən ermənilər vətən uğrunda həlak olublar. Hətta Anna Akopyanın babasının azərbaycanlı olduğunu iddia edənlər də olub.