Ermənistana planlaşdırılan qış hücumu

08 Yanvar, 2019 18:11 | Siyasət | Baxış sayı: 1080
Rusiya tankları döyüş zamanı
Rusiya tankları döyüş zamanı

Gümrüdəki 102-ci Rusiya hərbi bazası ətrafında gərginlik artır

Rusiya ilə qaz danışıqlarında uğur qazana bilməyən Ermənistan baş naziri Nikol Paşinyan İrana üz tutmaq niyyətindədir.

İstiPress-in məlumatına görə, Rusiyanın “Qazprom” şirkəti yanvarın 1-dən Ermənistana satdığı qazın min kubmetrinin qiymətini 150 dollardan 165 dollara qaldırıb.

İlk baxışdan bu elə də yüksək görünməsə də Ermənistan hökumətini narahat edib və Paşinyanı İrana üz tutmağa məcbur edib.

"İran qazının nəqli məsələsi gündəlikdə dayanıb. Biz bu məsələni konkret və əlverişli həll tapana qədər müzakirə edəcəyik", - deyə Rusiyanın “TASS” agentliyi Paşiyanın sözlərini dərc edib.

İran hər il Ermənistana təxminən 400 milyon kubmetrə qədər qaz verir. Rusiyadan isə Ermənistan ildə 2,5 milyard kubmetrə qədər qaz alır. Ermənistan İrandan idxal olunan qazın həcmini 1 milyard kubmetrə qədər artırmağı düşünür, çünki Təbrizdən Meğriyə qədər çəkilmiş kəmər bu həcmdə və daha çox qazı nəql etməyə imkan verir.

İlk baxışda elə görünə bilər ki, Ermənistan qərbin sanksiyaları üzündən İranın düşdüyü çətin vəziyyətdən yararlanaraq Tehrandan ucuz qiymətə qaz alaraq Gürcüstana və s. ölkələrə satmaq niyyətindədir. Erməni siyasətçilər zaman-zaman belə iddialar irəli sürürlər. Lakin Azərbaycanın “Şahdəniz” yatağının qazının nəqlindən tranzit haqqı kimi müəyyən qədər qazla təmin edilən Gürcüstan həm də SOCAR-dan əlverişli qiymətə qaz alır və yaxın tərəfdaşı olan Qərbin sanksiyalarına tuş gəlmiş İranla iqtisadi əlaqələrə girməz.   

Paşinyanı narahat edən başqa məsələdir – Rusiya qazının hazırda Ermənistana verilən qiyməti - min kubmetr üçün 165 dollar da müvəqqətidir və müəyyən müddətdən sonra 215-ə qalxa bilər. Paşinyan dekabrın sonlarında Rusiya ilə razılığın müvəqqəti olduğunu və bir müddət sonra qiymətə yenidən baxılacağını bildirmişdi. Yəni bir müddətdən sonra, məsələn, fevralda  Ermənistan Moskvanın yeni qaz hücumuna məruz qala bilər. Yeri gəlmişkən, fevral Ermənistan üçün qışın ən çətin vaxtıdır və Göyçə (Sevan) gölü məhz həmin ay donur, həmçinin əhalinin tədarük etdiyi alternativ yanacaqlar – odun, təzək, torf və s. həmin ay bütünlüklə tükənir. Yəni Moskva Ermənistanı buzlu şoka sala bilər.

Ermənistanda 102-ci Rusiya bazasının təsir dairəsi
Ermənistanda 102-ci Rusiya bazasının təsir dairəsi

Ermənistanda Rusiya əleyhinə təbliğat səngiməyib və “News.am”ın yazdığına görə, yanvarın 12-də Gümrüdə 102-ci Rusiya hərbi bazasının çıxarılması tələb ilə etiraz aksiyası keçiriləcək.  Yəni belə addımların artması Moskvanı bu məsələdə sərt qərarlar verməyə məcbur edər ki, nəticədə Paşinyan hökuməti Rusiyadan qazla bağlı ciddi zərbələr ala bilər. Qışın oğlan çağında qazın təxminən 40 faiz bahalaşması ölkədən miqrasiyanı artırmaqla yanaşı, Paşiyan hökumətinin düşmənlərini də çoxalda bilər. Nəticədə, ac və yoxsul ermənilər Moskvanın sevmədiyi Paşinyanı gətirdikləri kimi də yola sala bilərlər.