Əhmədinejat həbs edildi?

08 Yanvar, 2018 09:46 | Siyasət | Baxış sayı: 91
Mahmud Əhmədinejat
Mahmud Əhmədinejat

Keçmiş prezidentin ölkəni bürüyən etiraza görə saxlandığı deyilir

İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın həbsi xəbəri yanlışdır. İstiPress-in məlumatına görə, bunu onun vəkili bildirib. Adel Heydərinin sözlərinə görə, müdafiə etdiyi şəxsin ölkədə son günlər vüsət alan etiraz aksiyaları ilə bağlı saxlanması haqqında KİV-də informasiya yayılıb. 

"Keçmiş prezidentin tutulması haqqında informasiya həqiqətə uyğun deyil". Tehrandan adıçəkilən şəxsin həbsi ilə bağlı təkzib və ya təsdiq isə hələlik verilməyib. 

Xatırladaq ki, İranda etiraz aksiyaları ötən ilin sonu - dekabrın 28-dən başlayıb. Məşhəddə bir qrup insan bahalıqdan şikayət məqsədi ilə küçələrə çıxıb. Daha sonra etirazlar ölkənin digər iri şəhərlərinə də sıçrayıb. Küçələrə çıxan minlərlə insan bahalıqla yanaşı, işsiszlik, eləcə də hakimiyyətə qarşı şüarlar səsləndiriblər. Baş verən toqquşmalar 20-dən artıq insanın ölümü ilə nəticələnmişdi.

Londonda nəşr edilən "Al-Quds Al-Arabi" qəzeti İrandakı mənbələrinə istinadla M.Əhmədinejatın Şirazda saxlandığı barədə məlumat dərc edib. İddiaya görə, buna səbəb onun hökumət əleyhinə səsləndirdiyi bəyanatlar olub. Bu isə asayişi pozma cəhdi kimi qiymətləndirilib.