Paşinyan Putinə yalvardığını niyə gizlədir?

07 Dekabr, 2018 19:22 | Siyasət | Baxış sayı: 87
Nikol Paşinyan Düşənbədə Vladimir Putinlə
Nikol Paşinyan Düşənbədə Vladimir Putinlə

Paşinyanın mətbuat katibinin bəyanatı Moskvada təəccüb doğurdu

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Eqoyanın İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin təxirə salınması ilə bağlı xahiş etmədiyi barədə bəyanatı Moskvada təəccüblə qarşılanıb.

Tert.am saytının Moskvadakı diplomatik mənbəyə istinadən yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, Ermənistan tərəfi Rusiya və KTMT-nin digər üzvlərinə müraciət edərək sammitin təxirə salınmasını istəyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə “prezident köməkçisi Yuri Uşakovun Ermənistan tərəfinin Rusiyadan zirvə görüşünü təxirə salmağı xahiş etməsi barədə məlumatı dezinformasiya deyil ki...” sualını şərh edərkən deyib:

“Uşakovun bəyanatının təsdiqə ehtiyacı yoxdur, Paşinyanın mətbuat katibinin bəyanatına gəlincə, o istər forma, istər də məzmunca narahatlıq doğurur”.