ATƏT Azərbayacan-Ermənistan görüşünü alqışladı

07 Dekabr, 2018 08:49 | Siyasət | Baxış sayı: 22
ATƏT nümayəndələri Qarabağda
ATƏT nümayəndələri Qarabağda

Həmsədr ölkələr əhalini sülhə hazırlamaq üçün konkret tədbirlər görməyi xahiş ediblər

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsinə razılıq veriblər.

Bu barədə Mİlanda keçirilən görüşdən sonra həmsədr ölkələrin, Azərbaycanın və Ermənistanın nümayəndə heyətlərinin rəhbərlərinin yaydığı birgə bəyanatda deyilir.

Həmsədr ölkələr atəşkəsin pozulması hallarının xeyli azalmasını alqışlayıblar.

"Həmsədr ölkələr tərəflərə əhalini sülhə hazırlamaq üçün konkret tədbirlər görmək xahişi ilə müraciət ediblər. Həmsədrlər yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında münaqişənin ədalətli və davamlı həlli üçün konkret nəticələrə yönəlmiş intensiv dialoqun bərpa olunacağına ümid etdiklərini bildiriblər.

Yüksək səviyyəli danışıqlara töhfə vermək məqsədilə XİN rəhbərləri 2019-cu ilin əvvəlində də ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi ilə görüşməyə razılaşıblar".