Yeni baş nazir köhnənin qərarını dəyişdi

07 Noyabr, 2019 10:15 | Siyasət | Baxış sayı: 187
Nazirlər Kabineti
Nazirlər Kabineti

Əli Əsədov bu gün dəzi dəyişiklikləri təsdiqləyib

Baş Nazir Əli Əsədov “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli qərarında dəyişiklik edib. Qərarla “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nda “Geofizika mühəndisliyi” ixtisasının adı dəyişdirilərək “Geologiya və geofizika mühəndisliyi” adı ilə əvəzlənib.

Qeyd edək ki, Ə.Əsədovun dəyişiklik etdiyi qərarı bu il fevralın 11-də həmin vaxt Baş Nazir olan Novruz Məmmədov təsdiqləmişdi.

Bundan başqa Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların formasının təsdiq edilməsi haqqında qərar imzalanıb. Fəlsəfə Doktoru Diplomunun təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, diplom 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Fəlsəfə doktoru diplomu açıq mavi rənglidir.

Diplomun ön tərəfinin sağ yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin rəngli təsviri əks olunur və Azərbaycan Respublikasının Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, həmin sözlərin altında isə tünd qara rənglə “FƏLSƏFƏ DOKTORU DİPLOMU” sözləri yazılır.

Qərarla Elmlər Doktoru Diplomunun da təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, diplom 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Elmlər doktoru diplomu açıq çəhrayı rənglidir.

Baş nazirin növbəti imzası ilə xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin forması da təsdiqlənib.