Rusiyada məşhur bakılıya heykəl qoyuldu

07 Noyabr, 2019 18:41 | Siyasət | Baxış sayı: 133

Heykəlin təməl daşı 2012-ci il noyabrın 7-də qoyulmuşdu

Rusiyanın Vladivostok şəhərində sovet kəşfiyyatçısı, bakılı Rixard Zorgenin heykəli ucaldılıb.

İstiPress-in məlumatına görə, açılış mərasimi "Vladivostokun 100 illiyi" prospektində əfsanəvi kəşfiyyatçının adını daşıyan parkda baş tutub.

Qeyd olunub ki, həmin bölgədə R.Zorge öz əməkdaşları ilə birgə Yaponiyadan kəşfiyyat məlumatları əldə edib. Heykəlin təməl daşı 2012-ci il noyabrın 7-də qoyulmuşdu.

Rixard Zorge 1895-ci ilin 4 oktyabr tarixində Bakı şəhərinin Sabunçu qəsəbəsində alman Vilhelm Zorgenin ailəsində anadan olmuşdur. Doqquz övladın sonuncusu olan Rixard Zorgenin atası Bakıya neft mədənlərində mühəndis işləməyə gəlmiş əcnəbilərdən idi. Qafqaz Neft Şirkətində çalışan Vilhelm Zorge rus əsilli Nina Semyonovna ilə evli idi. Ailə bir necə il Azərbaycanın mərkəzi şəhəri olan Bakıda qaldıqdan sonra yenidən Berlin şəhərinə köçür.

1919-cu ilin avqust ayında Zorge Siyasi elm sahəsi üzrə Fəlsəfə doktoru elmi dərəcəsini alır. Almaniya Kommunist Partiyasına qoşulan Rixard Zorge  Sovet Sosialist Respublikaları İttifaqına köçür. Moskva şəhərinə gəldikdən qısa müddət sonra Zorge Sovet Kəşfiyyat idarəsində işə götürülür. Jurnalist adı altında fəaliyyət göstərməklə Avropanın müxtəlif ölkələrinə göndərilir. 1933-cü ilin may ayında Zorge Yaponiyaya yola salınır. 

Zorge Anti-komintern paktı və alman-yapon paktı barədə olan məlumatları sovet mənbələrinə ötürüb. 1941-ci ildə səfirlik işçilərinin vasitəsi ilə Zorge Barbarossa əməliyyatı barədə məlumat öyrənir. Əməliyyatın təxmini başlama tarixini belə öyrənən Zorge bu barədə Moskvaya təcili raport göndərir. İosif Stalinə Yaponiyadan göndərilən gizli raport çatdırılsa da Stalin buna əhəmiyyət vermir və Zorgenin məlumatlarına inanmır. 

Rixard Zorge 1941-ci ilin 18 oktyabrında Tokioda həbs olunub. Rixard Zorge saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində Tokio vaxtı ilə 10:20 də asılaraq edam edilir.