Putin bir-iki aya Qarabağ məsələsini həll edir - İDDİA

07 Noyabr, 2018 16:21 | Siyasət | Baxış sayı: 1094
Vladimir Putin
Vladimir Putin

Yaxın zamanlarda Qarabağı Rusiya prezidentinin xüsusi nümayəndəsinin idarə edəcəyi iddia edilir

Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllini öz əlinə götürür və Rusiya lideri sabah Astanada keçirilən KTMT zirvəsində bununla bağlı Nikol Paşiyanla danışacaq.  

İstiPress-ini məlumatına görə, bu iddiaları rusiyalı ermənipərəst politoloq Stanislav Tarasov bir neçə KİV-də yer almış fikirlərində səsləndirib.

Ermənistanın “1in.am” portalına müsahibə verən Tarasov iddia edib ki, Azərbaycan hakimiyyəti Nikol Paşiyana dəstək verib və dekabr seçkilərini onun partiyasının udmasına çalışır və bu işdə əsas vasitəçi Rusiya lideri Vladimir Putindir. 

Tarasovun sözlərinə görə, növbədənkənar parlament seçkilərindən sonra Nikol Paşiyan yerini möhkəmləndirəcək və böyük işlər başalayacaq. Tarasov erməni ictimaiyyətini inandırmağa çalışır ki, Putin erməniləri qane etməyən Madrid prinsiplərindən uzaqlaşaraq tamamilə yeni variant irəli sürəcək ki, bu, erməni tərəfi çox qane edəcək: “Aprel döyüşləri də Putinin vasitəçiliyi ilə dayandırıldı.  Yenə də Rusiya addımlar atır, çünki Minsk qrupunda böhran yaranıb. Rusiya Qarabağ üzrə təşəbbüsü öz əlinə almağa başlayır. Ola bilər ki, Rusiya münaqişənin həllinin yeni senarisini təklif edəcək”,- deyə Tarasov vurğulayıb.

O, həmin variant üzərində də dayanıb və bunun 1990-cı illərdə Moskvanın Qarabağı idarə edən xüsusi nümayəndəsinə bənzər bir institutla gerçəkləşdirilə biləcəyini deyib. Təbii ki, bu, ermənilərə xoş gələcək, çünki o vaxt Qorbaçov tərəfindən təyin edilmiş xüsusi nümayəndə Vladimir Kazimirov açıq şəkildə ermənipərəst mövqe tuturdu və Dağlıq Qarabağdan azərbaycanlıların çıxarılması, ətraf rayonların ermənilər tərəfindən işğalı məhz Kazımirovun sayəsində baş tutdu. Təbii ki, Azərbaycan belə variantla razılaşmaz.

Amma Stanislav Tarasov “Reqnum”da yazdığı başqa bir məqaləsində iddia edir ki, Rusiyanın variantı Azərbaycanı da qane edəcək. İşarə vurur ki, bəs, Azərbaycan Rusiyanın dəstəyi ilə KTMT-yə müşahidəçi statusu ilə daxil ola bilər və bu da Moskva ilə Bakı arasında etibarı gücləndirəcək və s. və i.a.

Madrid prinsipləri -  ATƏT-in Minsk qrupunun ortaya atdığı variant 25 ildir ki, Qarabağı Ermənistanın işğalında saxlayır
Madrid prinsipləri - ATƏT-in Minsk qrupunun ortaya atdığı variant 25 ildir ki, Qarabağı Ermənistanın işğalında saxlayır

Əslində, ilk baxışda məntiqli gəlir, yəni Azərbaycan Qarabağ ətrafı rayonları müharibəsiz geri alır (Minsk qrupu bu illlər ərzində çoxsaylı razılaşmalara baxmayaraq, bunu gerçəkləşdirə bilmədi); Rusiyanın Qarabağ nümayəndəsi ilə yaxşı münasibətlər qurulur və qaçqın azərbaycanlılar Dağlıq Qarabağ ərazisinə qaytarılır; daha sonra keçmiş Muxtar Vilayətin Bakı ilə əlaqələri bərpa edilir və s.

Ancaq bu iddiaların arxa planında yatan məsələlər isə unudulur - Rusiya bunları etmək üçün Azərbaycanı KTMT-yə və Avrasiya İttifaqına soxmağa çalışacaq. Bu isə faktiki olaraq dövlət müstəqilliyinin itməsi deməkdir. Çünki Moskvanın bu yeni formatında üzv dövlətlərin iqtisadi, diplomatik və hərbi siyasəti (hərbi komndanlığı da), demək olar ki, Rusiyanın əlindədir. Yalnız ölkələrin müstəqil olduğunu göstərən milli valyutalar qalıb və bir sıra rus ekspertlər ABŞ sanksiyalarına qarşı durmaq üçün Avrasiya Birliyi və KTMT çərçivəsində milli valyutaları ləğv edib hamını rubla keçməyə çağırırlar. Yəqin ki, bu da baş verəcək. Bundan sonra rusiyalı ekspertlərin bu dərin dövlətdəqn qaynaqlanan iddalarını ciddiyə almağa dəyərmi? Rəsmi Bakı 27 ildən artıqdır ki, inamla qoruduğu müstəqilliyindən belə asanlıqla ayrıla bilərmi? Yəqin ki, yox.