Güllələnmiş baş leytenantla Müşfiq yaxın tanış imiş

07 Noyabr, 2018 16:38 | Siyasət | Baxış sayı: 284
Nəcəf
Nəcəf

Nəcəf Əliyev barədə yeni məlumatlar

Müşfiqlə birgə öldürülən baş leytenant Nəcəf Əliyevin də qalıqlarının tapılması üçün DNT analizi aparılacaq.

Bu sözləri İstiPress-in şimal bürosuna Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov bildirib. 

"Həmin ailə üzvlərindən DNT analizi götürülməlidir.Birliyə təqdim olunan bütün sümüklər hərtərəfli müayinə olunaraq ekspertizadan keçiriləcək.Həmin ailənin nümayəndəsindən götürülən qan analizi öldürülən şəxsin sümüklərilə uyğun gəlməlidir",- deyə Ədalət Həsənov vurğulayıb.

"Quruma təqdim edilən insan sümüklərindən biri Mikayıl Müşfiqlə birgə güllələnməyə aparılan repressiya qurbanı, hərbi qulluqçu Nəcəf Əliyevə məxsus ola bilərmi?" sualını cavablandıran Həsənova Əliyevlər ailəsinin böyük oğlu Nurunun 85 yaşında Xaçmazın Arzu kəndində yaşadığı barədə məlumat verilib.

Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov Mükayıl Müşfiqin qalıqları olduğu olduğu ehtimal edilən insan sümüklərindən başqa yanındakı digər sümüklərdən birinin mərhum Nəcəf Əliyevə məxsus olub-olmadığını ayırd eləmək üçün ailənin  ölkənin mərkəzi güc strukturlarına və rəhbərlik etdiyi birliyə müraciət etmələrini tövsiyə eləyib.

1937-ci ildə tutularkən 77-ci diviziyanın 77-ci Əlahiddə kimyəvi rotasının vzvod komandiri, baş leytenant Nəcəf Əliyevin oğul nəvəsi Oqtay Əliyev babasının nakam şair Mikayıl Müşfiqlə İçərişəhərdə qonşu olduqlarını deyib: "Rəhmətlik nənəm Zəhra danışıb mənə bu barədə. O deyirdi ki, qonşu olmuşuq Müşfiqin ailəsilə. Arvadı Dilbər Axundzadə "Müşfiqlə Nəcəfi apardılar" kəlməsini məhz qonşuluqda yaşayan nənəmə o vaxt deyib".

Artıq Əliyevlər ailəsi ölkə prezidenti İlham Əliyevə,ölkənin güc strukturlarının və Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin rəsmilərinə rəsmi məktubla müraciət etməyə hazırlaşırlar.Tarixdən məlumdur ki,nakam məhəbbət şairimiz Mükayıl Müşfiq  1938 -ci il yanvar ayının 6-da güllələnib.Nəcəf Əliyev isə yanvarın 3-də güllələnib. Bu faktın özü Mikayıl Müşfiqlə Nəcəf Əliyevin bir yerdə güllələnməsi ehtimalını artırır. Söz ölkənin güc strukturlarının və mərkəzi ekspertlərindir.