Ayaz Mütəllibov pensiyasını açıqladı - 10 min

07 Oktyabr, 2019 10:53 | Siyasət | Baxış sayı: 302
Ayaz Mütəllibov
Ayaz Mütəllibov

Keçmiş prezident yerli kanallardan birinə açıqlama verib

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov sabiq prezidentlər və onların ailə üzvlərinin təminatını nəzərdə tutan qanuna görə aldığı pensiyanın məbləğini açıqlayıb. O, bu qanunun qəbul edilməsindən sonra hazırda 10 min manat təqüd aldığını deyib. 

İstiPress-in məlumatına görə, o bu barədə açıqlamanı yerli kanallardan birində yayaımlanan verilişdə edib.

Xatırladaq ki, Ayaz Niyazi oğlu Mütəllibov 1938–ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1959-cu ildə Bakı Soyuducular Zavoduna işə girib və 19 il burada çalışıb. Adi işçi kimi fəaliyyətə başlayan Mütəllibov 26 yaşında ikən bu iri müəssisənin müdiri vəzifəsinə təyin olunub. 

1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990–cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib. 1991–ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədirlər, azərbaycanlıları soyqırıma məruz qoyurlar. Bu faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir. Nəticədə 1992-ci il martın 6-da istefa verir. O, 1992-ci ildən Moskvada yaşayır.