Azərbaycanda analoqu olmayan qorxu

07 İyun, 2018 18:53 | Siyasət | Baxış sayı: 490

Xaçmaz rayonunun Balaqusarqışlaq kəndində yerli sakinlər meyvə ağaclarına yaxın düşə bilmirlər və bu, səbəbsiz deyil.

İstiPress-in şimal bürosunun məlumatına görə, yağışlı havalarda vəziyyət daha kritik olur. Ağacların düz yanından, budaqlarından keçən elektrik naqilləri, dirəkləri  hər an ölüm saçır.

Ağaclara yaxınlaşıb meyvə dərmək qəti mümkün deyil. Bütün bunlara bais kənddəki elektrik sisteminin - dirək və naqillərin bərbad vəziyyətdə olması, ağacların, həyətin tən ortasından keçməsidir.

Sakinlərin sözlərinə görə, neçə illərdir, bu təhlükəli vəziyyətin əhatəsində yaşayırlar, neçə dəfə meyvə dərimində, yanından keçəndə belə təhlükə ilə üzləşiblər.

Onlar bildirir ki, rayonun əlaqədar qurumlarının, xüsusən elektrik şəbəkəsinin nümayəndələri camaata vəd verməklə kifayətlənirlər, amma, əməli işə keçib Balaqusarqışlaq kəndinin elektrik sisteminin yenilənməsini həyata keçirən yoxdur.

Məsələ ilə bağlı müraciət etdiyimiz "Azərişıq" ASC-nin Xaçmaz elektrik şəbəkəsinin rəisi Ramil Məmmədov problemdən xəbərdar olduğunu, artıq həmin kəndin enerji xətlərinin yenidənqurulması üçün avadanlıq gətirildiyini söyləyib. Bildirdi ki, yaxın günlərdə işlərə start veriləcək.