Paşinyandan müharibə anonsu: Madrid prinsiplərindən imtina edir

07 Aprel, 2019 15:14 | Siyasət | Baxış sayı: 1663
Rusiya sülhməramlıları
Rusiya sülhməramlıları

Ermənistan baş naziri "Yerkrapa" silahlı birləşməsinin qurultayında hamını şoka salıb

Ermənistan baş naziri Nikol Paşinyan iddia edib ki, Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra belə, Madrid prinsiplərinin nə olduğunu anlaya bilməyib.

İstiPress-in məlumatına görə, İrəvanda "Yerkrapa" silahlı birləşməsinin qurultayında çıxış edən Paşinyan bildirib ki, Madrid prinsipləri üzrə həll variantının Ermənistan üçün nə gətirəcəyi onun üçün aydın deyil.

"Vyanada İlham Əliyevlə görüşdən sonra mən mümkün hər şeyi etdim ki, bizi qeyri-ciddi vəziyyətə salmayım",- deyə "Sputnik" portalı Ermənistan baş nazirinin sözlərini dərc edib.

Təbii ki, Madrid prinsiplərinin nə olduğunu həmsədrlər bu yaxınlarda açıqlayıblar və bir təcrübəli jurnalist və siyasətçi kimi Nikol Paşiyana da bu, aydındır: münaqişə ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etmək prinsipləri əsasında həll edilməlidir. Yəni ATƏT-in Minsk qrupu bir qədər geniş məhfum olan “xalqların öz müqəddəratını həll etmək” prinsipini Qarabağ münaqişəsi üçün dəqiqləşdirərək ərazi bütövlüyü çərçivəsinə salıb. Hüquqi dildə bu, o deməkdir ki, Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində istədikləri ən yüksək muxtariyyət veriləcək, bununla yanaşı Qarabağ erməniləri müstəqil şəkildə siyasi idarəetmə sistemi yaradacaqlar, müstəqil iqtisadiyyat quracaqlar və büdcə  siyasəti yürüdəcəklər, yəni Azərbaycan sərhədləri daxilində tam müstəqil olacaqlar.

Görünür, bu, Paşinyanı qane etmir - qane etsə belə, ən azından, torpaqları qaytaran kimi adının tarixə düşməsini istəmir. Çünki Madrid prinsipləri üzrə danışıqları davam etdirsə, ilk öncə Ermənistan ordusunu Dağlıq Qarabağ ətrafındakı 5 rayondan - Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından çıxarmalıdır. Sonra regiona sülhməramlı qüvvələr yeridilməli və daha sonra Dağlıq Qarabağın Azərbaycan tərkibində gələcək statusu barədə danışıqlar getməlidir və s.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Bütün bunlar, qısa müddətdə baş verə bilər və Ermənistanın məğlubiyyətini etiraf edən yekun sənəd məhz Paşinyanın dövründə imzalana bilər. Buna görə Nikol Paşinyan bu məsuliyyətdən yaxa qurtarmağa çalışır. Təbii ki, Azərbaycan ordusunun açıq şəkildə 4-5 dəfə güclü olduğunu Ermənistan generalları da etiraf edirlər və buna görə Paşinyan hərbi toqquşmadan qaçmağa çalışacaq.

Ən ağlabatan və erməni toplumunu qane edən versiya kimi o, regionun Rusiya qoşunlarının nəzarətinə verilməsini qərara ala bilər, yəni haqqında rus ekspertlərinin danışdığı Lavrov planını qəbul edə bilər. Həmin plana görə, Dağlıq Qarabağın ətrafındakı rayonlar Azərbaycana qaytarılır, Dağlıq Qarabağa isə Rusiya sülhməramlıları yerləşdirilir, qaçqınlar geri qaytarılır və heç bir status barədə söhbət getmir, yəni zona Azərbaycanın hüquqi müstəvisində qalır, amma erməni və azərbaycanlı sakinlərinin təhlükəsizliyinə Rusiya sülhməramlıları məsuliyyət daşıyır. Bu varinat Azərbaycanı KTMT üzvü eləməklə yanaşı, Rusiyanın Cənubi Qafqaza nəzarətini tam təmin etmiş olur.         

Qeyd edək ki, Lavrov planı Rusiyada yaşayan əksər erməni siyasətçilər tərəfindən dəstəklənməklə yanaşı, Qarabadan olan bəzi erməni siyasətçilər və hərbçilər tərəfindən də bəyənilir. Məsələn, bir vaxt Qarabağdakı Ermənistan ordusuna rəhbərlik etmiş general Samvel Babayan da bu yaxınlarda  regiona Rusiya ordusunun gətirilməsini, qaçqınların geri qaytarılmasını və s. təklif etmişdi.

Erməni mətbuatı Samvel Babayanla Nikol Paşinyanın münasibətlərinin yaxın olduğunu yazır - Paşinyan işğal rejiminin indiki rəhbəri Bako Saakyanı yıxaraq yerinə həbsdən azad etdirdiyi generalı gətirmək istəyir. Görünür, Rusiya ordusunun bölgəyə gətirilməsi barədə təklifi də ilk dəfə məhz Samvel Babayanın dili ilə səsləndirib. Samvel Babayan işğal rejiminin rəhbəri olarsa, təbii ki, bu variantın məsuliyyəti Paşinyanın yox, Babayanın üzərinə düşəcək. Ssenari aydındır - Paşinyan Xankəndiyə gedəcək, orda Babayanla birlikdə Təhlükəsizlik Şurası keçiriləcək, Babayan təklif edəcək, daha sonra Paşinyan həmin təklifi Qarabağın adından səsləndirirmiş kimi ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyaya çatdıracaq və s.

Ola bilər ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da Azərbaycan və Ermənistan xarici işlər nazirlərninin görüşündə məhz bu səbəbdən iştirak etmək istəyir. Əgər Ermənistan bu görüşdə Rusiyanın təklifi ilə razılaşmasa, Lavrov planı işə düşməyəcək və onda Qarabağda müharibə qaçılmaz olacaq.