Əsgərimiz ermənilərin açdığı atəş nəticəsində şəhid olub

07 Mart, 2020 14:07 | Siyasət | Baxış sayı: 133
XİN
XİN

XİN sərhədçinin ölümü ilə bağlı məlumat yaydı

"Martın 7-də Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman əsgərimiz Qarayev Eltun Elman oğlu Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb. 

Açıqlamada qeyd edilir ki, qətl həftə ərzində düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi ikinci qanlı təxribat və cinayət halıdır və onun bütün məsuliyyətini Ermənistan daşıyır. 

"Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan heç bir hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq.

Allah şəhidimizə rəhmət eləsin".

Qarayev Eltun Elman oğlu
Qarayev Eltun Elman oğlu

Xatırladaq ki, 2 gün öncə də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmamışdı. Əgər ötən gün dəfn edilib.