Azərbaycanın daha bir əsgəri həlak oldu YENİLƏNİB II, FOTO

07 Mart, 2020 15:35 | Siyasət | Baxış sayı: 1243
Eltun Elman oğlu Qarayevin nəşi
Eltun Elman oğlu Qarayevin nəşi

Şəhid olan 19 yaşlı Eltun Qarayev Bərdədə ailəsinə təhvil verilib

Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayevin nəşi bu gün doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilib. Onun meyiti ailəsinə təhvil verilib. 

Əsgər bu gün Bərdə rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək. 

Saat 14:10

Qazax rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən həlak olan DSX-nin əsgəri Eltun Elmar oğlu Qarayev ötən ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsindən hərbi xidmətə yollanıb. İstiPress-in Şimal bürsounun məlumatına görə, əsgərin bu gün Bərdənin  doğulduğu Qazıqurdalı kəndində dəfn ediləcəyi bildirilir.

Qeyd edək ki, E.Qarayev 2001-ci il martın 14-də Bərdə rayonunun Qazqurdalı kəndində anadan olub. Onun gələn həftə 19 yaşı bitməli idi. 

Eltun Elmar oğlu Qarayev
Eltun Elmar oğlu Qarayev

Saat 11:25

2020-ci ilin 07 mart tarixində saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Məlumata görə, dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.

Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir.