Rusiya Azərbaycana raket satmağa qoymadı? RƏSMİ

06 Dekabr, 2018 09:35 | Siyasət | Baxış sayı: 503
"Bal-E"
"Bal-E"

Müdafiə Nazirliyi Azərbaycanın "Bal-E" kompleksini əldə etmək niyyətinin heç olmadığını deyib

Son günlər müxtəlif KİV-lərdə “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Azərbaycana satışını məqsədəuyğun saymaması barədə məlumatlar yayılıb.

Müdafiə Nazirliyi İstiPress-in bu məsələ ilə bağlı sorğusuna cavab verib. Nazirlikdən verilən məlumata görə, adı çəkilən “Bal-E” raket sistemlərinin alınması məqsədilə Azərbaycan tərəfindən danışıqlar aparılmayıb. "Kompleksin əldə olunması niyyətimiz də olmayıb. 

Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket kompleslərindən istifadə edilir”.

Xatırladaq ki, bu barədə “Kommersant” hərbi-sənaye dairələrindəki mənbələrə istinadən yazıb. İddiaya görə, Rusiya “Bal-E” sahil mənzilli raket komplekslərini Azərbaycana satmaqdan imtina edib. Səbəb isə budur ki, həmin raketlərin Rusiyanın Xəzər donanmasının gəmiləri üçün təhdid yaradacağını hesab ediblər. Habelə Rusiya istəmir ki, bu raketlər Qarabağda istifadə olunsun.