Xəzərdə yeni müharibə

06 Dekabr, 2017 15:33 | Siyasət | Baxış sayı: 1181
Rusiya hərbi gəmisi Xəzərdə atəş açır
Rusiya hərbi gəmisi Xəzərdə atəş açır

Moskvanın Bakı qarşısında yeni tələbi

Bakı və Aşqabad Transxəzər qaz kəmərini çəkmək üçün Moskva qarşısında müəyyən güzəştdə getməlidir.

İstiPress-in məlumatına görə, bu barədə Moskvada dərc olunan “Pravda” qəzeti Rusiya xarici işlər naziri Sergey Lavrovun Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyada açıq qalan bütün əsas məsələlərlə bağlı nəticə əldə edilməsi ilə bağlı dediklərini şərh edərkən bildirib. Yəni Lavrov vurğulayıb ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada baş tutan toplantısından sonra ölkələr arasında bütün narazılıqlar aradan qaldırılıb.

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskva görüşü
Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskva görüşü

Düşünmək olar ki, artıq Türkmənistan və Azərbaycan Xəzərin neft və qaz yataqlarının bölünməsi məsələsində razılığa gəliblər və hər iki ölkə üçün əlverişli olan Transxəzər qaz kəmərinin çəkilməsinə təkan verəcəklər. Lakin “Pravda” qəzetinin yazdığından belə çıxır ki, hər iki ölkıə bu kəməri çəkmək üçün müstəqilliklərinin müəyyən hisəsini Moskvaya güzəştə getməlidirlər: “Məsələn, Türkmənistandan KTMT qoşunlarını türkmən-əfqan sərhədinə yerləşdirməyə icazə verməsini tələb edə bilərlər, Bakı isə Avrasiya İttifaqına girməyə məcbur edilə bilər”,- deyə məqalədə vurğulanır.

Politoloq Tofiq Abbasov İstiPress-ə müsahibəsində Azərbaycanın bu məsələ ilə bağlı Moskva qarşısmında heç bir güzəştə getməyəcəyini vurğulayıb:

“Əslində, bu məsələ Azərbaycan üçün elə də ciddi əhəmiyyət kəsb etmir. Kəmərlə Türkmənistan qazı Azərbaycandan tranzit keçərək Avropaya axmalıdır. Yəni burdan biz ancaq tranzit gəliri götürəcəyik, əsas gəlir Türkmənistana qalmalıdır. Qərbin burda marağı  Avropanı Rusiyadan yan keçən təbii qaz mənbəyi ilə təmin etməkdir”.

Qeyd edək ki, Avropa Birliyi bu məsələdə bir neçə il qabaq da fəallıq göstərirdi və Türkmənistanın ilkin razılığını almışdı. Lakin Moskva və Tehran məsələ ilə bağlı sərt reaksiya göstərdilər və Xəzərin hüquqi statusu müəyyən edilmədiyindən Aşqabadın bu addımı atmağa icazəsi olmadığını bəyan etdilər. O vaxtkı Rusiya prezidenti Dmitri Medvedev Bakıda 2010-cu ildə keçirilən Xəzər sammitində çıxış edlərək məsələnin Kremlin strateji marağında olduğunu və buna mane olmaq üçün hərbi gücdən belə çəkinməyəcəklərini vurğuladı. Bir neçə il sonra isə Rusiyanın hərbi gəmiləri Xəzərdə heç kimdən icazə almadan İranın sularına qədər getdilər və oradan Suriya müxalifətinin mövqelərini vurdular. Bu bir növ Türkmənistana mesaj kimi qiymətləndirildi. 

Transxəzər qaz kəmərinin Cənub Qaz Dəhlizinə qoşulma planı
Transxəzər qaz kəmərinin Cənub Qaz Dəhlizinə qoşulma planı

Təbii ki, Türkmənistan üzünü Çinə doğru tutmalı oldu. Lakin məsələ bundadır ki, Avropa İttifaqı və ABŞ bu işi yarımçıq qoymaq niyyətində deyil və böyük ehtimalla Xəzərin o üzünün qazını da Cənub Qaz Dəhlizinin mənbələri sırasına daxil eləmək niyyətindədirlər. Bu, Xəzər regionunda vəziyyəti yenidən gərginləşdirə bilər. Bu, Azərbaycanın da çevik siyasət apararaq odla suyun arasında problemsiz  manevr etməyi tələb edir.      

“Azərbaycanın  bu məsələdə mövqeyi həmişə bu olub ki, biz öz kəmərimizdən türkmən qazını tranzit ötürməyin əleyhinə deyilik. Amma siz həmin qazı bizim kəmərə qədər gətirin, biz də ötürək”,- deyə Tofiq Abbasov vurğulayır.