Bu gün radio və televiziya işçilərinin bayramıdır

06 Noyabr, 2019 10:45 | Siyasət | Baxış sayı: 29
Televiziya
Televiziya

Noyabrın 6-sı Azərbaycan radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 6 noyabr 1926-cı ildə Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayıldı. 

Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Azərbaycan Televiziyası yaranandan sonra bu tarix teleradio günü kimi qeyd olunmağa başlanılıb. 

1953-cu ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. Bakı televiziya studiyasının ilk verilişi canlı olaraq 1956-cı il fevralın 14–də yayımlanıb. Ekrana ilk dəfə aktrisa Nəcibə Məlikova çıxaraq tamaşaçıları salamlamış və “Göstərir Bakı” cümləsini səsləndirib. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş olunub. 

1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb.