Aida İmanquliyevaya həsr edilən elektron məlumat bazasının təqdimatı olub

06 Noyabr, 2019 11:12 | Siyasət | Baxış sayı: 29
“Aida İmanquliyeva–80”
“Aida İmanquliyeva–80”

M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın görkəmli şərqşünas alimi, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya üzrə elmlər doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının və “Aida İmanquliyeva–80” adlı elektron məlumat bazasının təqdimatı olub.

Görkəmli alimin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş edilib.

Qeyd edək ki, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı bu biblioqrafiyada, ilk növbədə, “Aida İmanquliyevanın həyat və yaradıcılığının əsas tarixləri”, “Aida İmanquliyevanın əsərlərində müdrik deyimlər”, “Görkəmli şəxsiyyətlər Aida İmanquliyeva haqqında” bölmələri yer alır. Biblioqrafik vasitədə alimin əsərləri - kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, habelə onun həyat və yaradıcılığını əks etdirən 1964-2019-cu illəri əhatə edən kitablar, dissertasiyalar, məqalələr, rus və başqa dillərdə çap olunmuş materiallar toplanıb. İlk dəfə olaraq “Aida İmanquliyeva dünya kitabxanalarında” və “Aida İmanquliyeva dünya universitet kitabxanalarında” bölmələri də biblioqrafiyaya daxil edilib. Kitabda ədəbiyyat xronoloji qaydada qruplaşdırılaraq əlifba sırası gözlənilib. Biblioqrafiya şərqşünas, ədəbiyyatşünas alimlər və kitabxanaçı-biblioqraflar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.