Prezident ağdamlıları sevindirdi

06 Noyabr, 2018 09:06 | Siyasət | Baxış sayı: 34
Prezident Ağdamda pambıq sahəsində
Prezident Ağdamda pambıq sahəsində

Ermənilərin ziyan vurduğu binalar bərpa ediləcək, yeni məktəb tikiləcək

Ötən gün birinci xanım mehriban Əliyeva ilə birlikdə Ağdama səfər edən prezident İlham Əliyev bəzi sərəncamlar verib. Ağdam rayonunun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində mülki əhaliyə dəymiş ziyan aradan qaldırılacaq. Belə ki, prezidentin sərəncamı ilə bu məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin (siyahı) bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılacaq.

Bundan əlavə Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Daha bir sərəncam Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə imzalanıb. 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılacaq.