Ermənilər Azərbaycanda 400 min əhalini təhlükə altında necə saxlayır?

06 Noyabr, 2018 12:30 | Siyasət | Baxış sayı: 247
Sərsəng su anbarı
Sərsəng su anbarı

İşğal altındakı torpaqlarda olan 163 faydalı qazıntı yatağı talan edilir

"Hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərin 261 min hektar meşə sahəsi, o cümlədən qiymətli meşə sahələri, təbiət abidələri və pasportlaşmış 145 Şərq Çinarı məhv edilib. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabına” daxil edilən müxtəlif bitki və heyvan növlərinin böyük hissəsi, xüsusi əhəmiyyətli və mühafizə olunan təbiət əraziləri, habelə nadir biomüxtəliflik nümunələri məhv edilib"

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, 2001-ci ildən etibarən BMT Baş Assambleyası noyabrın 6-ını Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günü elan edib.  Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, ümumilikdə bölgənin ekoloji durumuna ciddi ziyan dəyib, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarıb, bölgənin təbii ehtiyatları davamlı istismara məruz qalıb.

XİN rəsmisi deyib ki, Tərtər çayı üzərində inşa edilmiş və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng su anbarından işğalçı qüvvələr qış mövsümündə sahələrin su atında qalması, yay aylarında isə kəskin su qıtlığı yaratmaqla dağətəyi və aran hissədə məskunlaşan 400 min əhalini təhlükə altında saxlayır.

"Təsadüfi deyil ki, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb edib".

XİN rəsmisi vurğulayıb ki, Azərbaycan Respublikasınanın işğal altında saxlanılan ərazilərində 163 faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətlər ermənilər tərəfindən talan edilir.