İsveçrədə Azərbaycan məktəbi açılıb

06 Oktyabr, 2018 17:00 | Siyasət | Baxış sayı: 75
İsveçrə
İsveçrə

Bu ölkədəki azərbaycanlıları daha sıx birləşdirmək üçün Koordinasiya Şurası da açılıb

İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurası yaradılıb, “Qarabağ" adlı Azərbaycan məktəbi açılıb. Bununla əlaqədar adıçəkilən ölkədə tədbir keçirilib. Bern şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın nümayəndələrinin ilk toplantısında onların fəaliyyəti, aktual məsələlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Şura İsveçrədə yaşayan azərbaycanlıların daha sıx birləşməsi və diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılıb. “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.

Tədbirin sonunda “Qarabağ” Azərbaycan məktəbinin rəsmi açılış mərasimi olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan bu məktəb İsveçrədəki səfirliyimizin təşkilatçılığı ilə ərsəyə gəlib. İsveçrə dövlət təhsil sisteminə inteqrasiya olunmuş məktəbdə Azərbaycan dili, tarixi, milli rəqs və piano dərsləri peşəkar müəllimlər tərəfindən tədris olunacaq. Tədris ocağında isveçrəlilər və digər əcnəbilər də təhsil ala bilərlər.