Azərbaycanda 25 il evsiz yaşayan rus vətəninə göndərildi - FOTO

06 Sentyabr, 2019 18:20 | Siyasət | Baxış sayı: 218
Viktor Seryakov
Viktor Seryakov

Səhhəti tam bərpa olunan Viktora təzə əyin-baş da alınıb

Bir il 8 aydır Quba rayon mərkəzi xəstəxanasında  yaşayan Rusiya vətəndaşı, 64 yaşlı Viktor Seryakov bu gün Bakı hava limanlndan Moskva şəhərinə salınıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, onu Qubadan Bakıya gətirən Quba rayon mərkəzi xəstəxanasının baş həkimi Əlyar Sərvərov və Ombudsman Aparatının Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev hava limanından yola salıblar.

Qeyd edək ki,Viktor Seryakov 25 ildir Azərbaycanda yaşayır. O, Rusiyada 1991-1994-cü illər arasında həbsdə olub və 1994-cü ildə həbsdən çıxdıqdan sonra ölkəsində iş tapa bilmədiyindən Azərbaycana gəlib. Ölkəmizin bir sıra bölgələrində işləyən rus "bomj" son illər Quba və Siyəzəndə şəxsi təsərrüfatlarda çalışıb.

Soyuq qış günlərində ağır xəstəliyə tutulan Viktor bir gün  gecə saatlarında Bakı-Quba yolunun rayonun İsnovqışlaq kəndi ərazisində huşsuz halda tapılıb. Təcili yardım avtomobili ilə Quba rayon mərkəzi xəstəxanasına cərrahiyyə şöbəsinə çatdırılan Viktor Seryakovda bir neçə xəstəlik aşkar olunub. Rusiya vətəndaşında ağ ciyərin iltihabı, dəri xəstəliyi və gözlərində katarakta xəstəliyi müəyyən edildikdən sonra xəstəxanada müalicə olunmağa başlayıb. Artıq səhhəti tam bərpa olunan Viktora təzə əyin-baş da alınıb.

Quba icra başçısının müavini Səidə Abasova bildirib ki, rus "bomj"un Rusiya göndərilməsi rayon İH başçısı Ziyəddin Əliyevin Rusiyanın Azərbaycandakı səfirliyinə və Ombudsman Elmira Süleymanovaya müraciətindən sonra mümkün olub. Öz növbəsində rayon mərkəzi xəstəxanasının baş həkimi Əlyar Sərvərov da rəsmi qurumlara məktub göndərib.

Rayon rəhbərliyinin göstərişilə Rusiya vətəndaşı, 64 yaşlı Viktor Seryakov bu gün tam normal hallda Moskva şəhərinə yola salınıb. 25 ildir vətənini görməyən Viktor Seryakov bundan sonra Vladimir vilayətindəki ahıllar evində yaşayacaq.