İlham Əliyevin köməkçisi - “Washington Post” “feyk xəbərlər” üzrə ixtisaslaşıb

06 Sentyabr, 2017 08:43 | Siyasət | Baxış sayı: 79
"Washington Post"un redaksiyası
"Washington Post"un redaksiyası

Əli Həsənov yalanın qəzətin informasiya siyasətinə xas xüsusiyyət adlandırıb

"Hətta ABŞ Prezidenti Donald Tramp artıq bir neçə dəfə “Washington Post”u yanlış məlumatlar dərc etməkdə, faktları saxtalaşdırmaqda, müxtəlif siyasi dairələrin maraqlarına xidmət göstərməkdə və “feyk xəbərlər” üzrə ixtisaslaşmaqda ittiham edib". İstiPress-sin məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-ın “The Washington Post” nəşri tərəfindən irəli sürülmüş iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı həmişə qərəzli münasibəti ilə seçilən ABŞ-ın “Washington Post” nəşri “Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır. Digərləri isə zindan” adlı sifarişli redaksiya məqaləsi ilə çıxış edərək qeyri-obyektivlik nümunəsi olduğunu bir daha aydın şəkildə göstərib. "Dövlətin KİV əməkdaşlarının mənzil-məişət problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərin konkret cinayət əməlinə görə həbs edilmiş şəxslərin işləri ilə əlaqələndirilməsi qərəz və məntiqsizlikdən başqa bir şey deyil. Yalan, faktların təhrif olunması və ya məqsədli şəkildə təqdim edilməsi həmin məqaləyə və ümumiyyətlə, bu nəşrin informasiya siyasətinə xas olan xüsusiyyətlərdir".

Ə.Həsənov qeyd edib ki, Tramp da öz "Twitter" hesabında bildirib ki, “Washington Post” qəzeti onun Bəşər Əsədlə mübarizə aparan Suriya üsyançılarına yardım proqramını dayandırması ilə bağlı faktları təhrif edib. ABŞ dövlət başçısının qənaətinə əsasən, feykxəbərçi nəşr onun haqqında çoxlu sayda yalan tarixçələr quraşdırır və faktiki olaraq müəyyən dairələrin əlində silaha çevrilib.

"Açıq-aydın görünür ki, “Washington Post” ABŞ-ın müəyyən siyasi və monopolist dairələri tərəfindən dövlət başçılarına, ictimai-siyasi xadimlərə, biznes strukturlarına və hətta ayrı-ayrı dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunur və heç bir halda azad media nümunəsi hesab edilə bilməz. Buna görə də “Washington Post”un və onun arxasında duran dairələrin “demokratiya mübarizəsi”, “media azadlığı” çağırışları gözə kül üfürməkdən başqa bir şey deyil".