Azərbaycan Ermənistanı hibrid müharibə ilə parçalayacaq

06 Avqust, 2018 20:30 | Siyasət | Baxış sayı: 1889
Rusiya hərbi texnikası Suriya döyüşlərində
Rusiya hərbi texnikası Suriya döyüşlərində

Moskvanın “xeyir-duası” ilə İrəvan ilk olaraq Göyçə, Şəmşəddin və Dərələyəzi itirəcək

Rusiya XİN sözçüsü Mariya Zaxarovanın NATO-nun Gürcüstanda keçirilən “Noble Partner” təlimlərinə qonşu ölkələrin qatılmasının arzuolunmazlığı ilə bağlı dedikləri ən çox Ermənistanda qorxu doğurub. 

İstiPress-in məlumatına görə, erməni KİV-ləri baş nazir Dmitri Medvedevin Gürcüstanın NATO-ya daxil olması ilə regionda böyük müharibənin başlanacağını deməsini ciddi şəkildə şərh edərək bu sözlərin Ermənistana ünvanlandığını vurğulayırlar.    

Məsələn, jurnalist Haykazn Qaqriyan baş redaktoru olduğu “Lragir” analitika portalında çox təəssüflə bildirir ki, Rusiya rəhbərliyinin təhdidi daha çox Ermənistana ünvanlanıb. Yəni erməni mətbuatı da Paşinyan və komandasının Ermənistanı KTMT-dən çıxararaq NATO-ya üzv etmək niyyətində olduğunu bilirlər. Amma onu da anlayırlar ki, Ermənistan  bu istiqamətdə hər hansı bir addım atarsa, Rusiya İrəvan üçün 2008-ci ildəki Gürcüstan müharibəsindən daha dəhşətli bir sürpriz hazırlayar. Hər halda, bəyanatı verən baş nazir Dmitri Medvedev onda prezident idi və Putindən sonra yenidən prezident olacağı istisna edilmir.

Təbii ki, ermənilər qara-küy salaraq Azərbaycanın da Gürcüstandakı NATO təlimlərinə qatılmağı planlaşdırdığını bildirirlər. Məsələn, bu işə Rusiyanın ermənipərəst “Regnum” portalının əməkdaşı Stanistlav Tarasov da qoşulub. O, portalda yazdığı məqaləsində  daha çoxAzərbaycanın bu il ilk dəfə olaraq NATO təlimlərinə qoşulacağını bildirir və iddia edir ki, Azərbaycanın tədbirə iştirakını NATO-nun onun “ərazi bütövlüyünü tanıması” ilə bağlı olduğunu deməsi söz oyunudur. Tarasov sanki Ermənistanın KTMT üzvü olduğunu unutmağa çalışır və Rusiya oxucusunu inandırmağa çalışır ki, Bakı ilə İrəvanın Moskva qarşısında məsuliyyəti və öhdəliyi eynidir.

Halbuki, siyasətdən az-çox başı çıxan adamlar bilir ki, eyni deyil - KTMT üzvü olan Ermənistan bunun hesabına Rusiyadan öz ordusu üçün, demək olar ki, pulsuz modern silahlar alır, baş nazir Nikol Paşiyanın təbirincə, Rusiya Ermənistan müdafiə edərək Azərbaycanın işğal olunmuş torpaqlarını müharibə yolu ilə azad etməsinə imkan yaratmır. Ermənistan həmin torpaqları bilavasitə Rusiyanın hərbi müdaxiləsi ilə işğal edib - bunun yüzlərlə dəlil və sübutu var.

Amma indi Nikol Paşinyan “aldım-aldatdım” variantı ilə çıxış edərək  Ermənistanı  KTMT-dən çıxarıb NATO-ya üzv etmək istəyir. Ermənistanda Rusiyanın sadiq nökərlərinə - Robert Koçayrana, Yuri Xaçaturova və Mixail Arutunyana qarşı cinayət işlərinin açılması, mütəmadi olaraq Ermənistandakı Rusiya hərbi bazası barədə bəyanatların səslənməsi buna xidmət edir. Məqsəd Rusiyanı perikdirib Ermənistandan çıxarmaqdır.

Göyçə, Dərələyəz və Şəmşəddinə hücum planı
Göyçə, Dərələyəz və Şəmşəddinə hücum planı

Amma Suriya təcrübəsi göstərir ki, Rusiya bazasının ətrafında ən müasir silahlarla müharibə getsə belə hansısa ölkəni asanlıqla tərk etmir. Ermənis KİV-ləri də belə düşünürlər və güman edirlər Rusiya Ermənistanda açıq oynamasa da, hibrid müharibəyə rəvac verəcək. Sadə dillə izah edilsə, bu, Rusiyanın hərbi bazasını köçürmədən Ermənistanın təhlükəsizliyinə məsuliyyət daşımadığını bəyan etməsi  ilə başlayacaq. Real işdə isə Rusiya müharibəni Ermənistan ərazisinə keçirməməsi üçün Azərbaycana heç bir təzyiq göstərməyəcək. 

Təbii ki, belə olan zaman Azərbaycan Ermənistanı ən zəif nöqtəsindən Göyçə Dərəyələyəz və Şəmşəddin mahallarından vuracaq. Tez bir zamanda İrəvan uğrunda müharibə gedəcək və Qarabağdakı Ermənistan qoşunları tam mühasirəyə düşüb təslim olacaqlar. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən NATO isə məsələyə müdaxilə etməyəcək və sülh müqaviləsinin bağlanmasını gözləyəcək.