Hərbi hissədəki partlayışla bağlı cinayət işi başlandı

06 İyul, 2019 15:34 | Siyasət | Baxış sayı: 414
Hərbi prokurorluq
Hərbi prokurorluq

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu açıqlama yaydı

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu iyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində baş verən bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

İstiPress-ə Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir: “İyulun 6-da baş vermiş məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerində olublar. Fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanılıb, Hərbi Prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir. Hadisə yerinə baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsinin müəyyənləşdirilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.

Hərbi Prokurorluq həlak olanların qohumlarına və doğmalarına dərin hüznlə başsağlığı verir.

Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarətindədir”.

Xatırladaq ki, Müdafiə Nazirliyi iyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşərək partlaması nəticəsində iki hərbi qulluqçunun həlak olması, bir hərbçinin isə ağır xəsarət alması ilə bağlı məlumat yayıb.

12:27

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.

İstiPress-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin saytı məlumat yayıb.

Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.