Müdafiə naziri hərbi rəhbərliyi topladı

06 İyul, 2018 12:01 | Siyasət | Baxış sayı: 106
Müşavirə
Müşavirə

"Qoşunlar gizli şəkildə əsas istiqamətlər üzrə cəmləşərək gecə irimiqyaslı hücum əməliyyatlarını uğurla yerinə yetiriblər"

Genişmiqyaslı təlimlərin yekun müşavirəsi keçirilib. Müşavirə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə baş tutub. Müşavirədə nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlər iştirak edib. 

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlar və təlim sahələrində gündüz və gecə vaxtı keçirilən genişmiqyaslı təlimlərin nəticələrini təhlil edərək general-polkovnik Z.Həsənov bildirib ki, qoşunlar gizli şəkildə əsas istiqamətlər üzrə cəmləşərək gecə irimiqyaslı hücum əməliyyatlarını uğurla yerinə yetiriblər.

Müdafiə naziri qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

General-polkovnik Z.Həsənov belə təlimlərin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.