Emin Aslanovun həbsi ilə bağlı rəsmi - AÇIQLAMA

06 İyun, 2018 18:22 | Siyasət | Baxış sayı: 151
Emin Aslanov
Emin Aslanov

İyunun 4-də internet səhifələrində və sosial şəbəkələrdə vətəndaş Emin Aslanovun həmin gün günorta saatlarında Dənizkənarı Milli Parkda mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılması və polis orqanları tərəfindən saxlanılması haqqında məlumatlar yayılıb. 

İstiPress Ombudsman Aparatına istinadən xəbər verir ki, eyni zamanda Ombudsmanın qaynar xəttinə E.Aslanovun yaxınları və KİV-lər tərəfindən eyni məzmunlu müraciətlər daxil olub və köməklik göstərilməsi xahiş edilib. 

Məsələ ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən dərhal Daxili İşlər Nazirinə həmin şəxsin yerinin müəyyən edilməsi və hüquqlarının təmin olunması ilə bağlı müraciət edilib.

Araşdırma nəticəsində, hazırda E.Aslanovun inzibati qaydada həbs olunaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlama məntəqəsində saxlanıldığı müəyyən edilib. 

Məsələ ilə bağlı araşdırma davam etdirilir.