Azərbaycanın Qarabağda yeni müharibə taktikası

06 İyun, 2018 20:54 | Siyasət | Baxış sayı: 1253
Azərbaycan ordusunun döyüş texnikası
Azərbaycan ordusunun döyüş texnikası

Rusiya KİV-i: Rəsmi Bakı sürətli döyüş qərarına hazırdır

Azərbaycan öz ərazilərinin “sürünən” şəkildə geri qaytarılmasını davam etdirsə, Qarabağ danışıqlarında sülh istiqamətində kəskin dönüş yarana bilər.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın “Rosbalt” portalı münaqişə ilə bağlı son zamanlar yaranmış çıxılmaz vəziyyəti şərh edərkən bildirib.

Məqalədə  bildirilir ki,  Ermənistanın yeni rəhbəriliyi Azərbaycanla danışıqlara getməmək üçün Dağlıq Qarabağdakı işğal rejiminin münaqişə ilə bağlı danışıqlarda iştirak etməsinin vacibliyini bildirir. Müəllifin fikrincə, Ermənistan xarici işlər nazir Zöhrab Mnasakanyan da Rusiyalı həmkarı Sergey  Lavrovla görüşünü bu üslubda aparacaq.

Müəllif vurğulayır ki, bu işə yalnız Azərbaycan ordusu müdaxilə edə bilər və misal kimi son iki il ərzində Azərbaycanın geri qaytardığı ərazilər vurğulanır. Yəni həm son günlərdə Azərbaycan ordusunun Naxçıvan istiqamətdən irəliləyərək İrəvan - Gorus - Laçın yolunu nəzarətə götürdüyü bildirilir, həm də 2016-cı ilin aprel ayında Ermənistanın işğal etdiyi ərazilərin bir qismini itirdikdən sonra Serj Sarkisyanın hakimiyyətdən getməsi xatırlanır: “Yeni lider Paşinyana bunu bağışlayacaqlarmı? Cəbhədə atışmalar nəticəsində hərbçilər, o cümlədən erməni hərbçilər ölür”.

Paşinyan isə hələ ki, Qarabağda ehtiyatlı davranır və Bako Saakyanı işğal rejiminin rəhbərliyindən getməsini tələb etmir. Bako Saakyan da artıq müəyyən kadrları dəyişərək vəziyyəti sakitləşdirməyə çalışır. Amma bütün bunlar Paşinyanı xilas etməyəcək. Əgər Paşiyan sülh istiqaməitində ciddi addımlar atmasa, onu da sələfi Serj Sarkisyanın aqibəti gözləyəck. Azərbaycan itirilmiş torpaqları addım-addım geri qaytarmaqda davam edəcək.

“Rosbalt” bu barədə yazır: "İndi münaqişə zonasında baş verənlər belə qənaətə səbəb olur ki, Azərbaycan  ərazilərin qaytarılması üzrə  step by step (addım-addım - red) taktikasını və strategiyasını gerçəkləşdirir. Halbuki, Ermənistan bu münaqişənin həlli üzrə dəqiq görüşə sahib deyil”.

Məqalədə bildirilir ki, rəsmi Bakı Qarabağda böyük müharibəyə də qərar verə bilər. Buna, məsələn, Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması səbəb ola bilər.