İlham Əliyev koronavirusa görə xalqa müraciət etdi

06 Aprel, 2020 16:30 | Siyasət | Baxış sayı: 275
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

"Aprelin 20-dən sonra addımlarımızı yaranacaq vəziyyətə uyğun atacağıq"

"Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, bizim üçün də bir dərs olmalıdır".

Bunu Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı zamanı xalqa müraciət edən prezident İlham Əliyev deyib. 

"Qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək!"

"Ona görə Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdürdü ki, biz insanların həyatını, sağlamlığını qoruyaq və bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməyək. Bu günə qədər görülmüş bütün tədbirlər öz səmərəsini verdi. Bircə onu demək kifayətdir ki, Azərbaycanda bu günə qədər 45 min test keçirilib. İndi müxtəlif internet resurslarında bütün ölkələrdə həm xəstələrin sayı, həm ölüm hallarının sayı, eyni zamanda, keçirilmiş testlərin sayı göstərilir".

Dövlət başçısı qeyd edib ki, operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması öz səmərəsini göstərib. "İndiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər. Çünki bu qaydaları pozanlara qarşı ciddi tədbirlər nəzərdə tutulur və bu tədbirlər artıq təsbit edilib. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik".

Prezidentin sözlərinə görə, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların arasında ən müasir xəstəxanamız – “Yeni klinika” da var. O, qeyd edib ki, Qazax, Goranboy və Şəmkir şəhərlərində yerləşən ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur.

"Azərbaycan dövlətinin və sahibkarların operativ fəaliyyətini nəzərə alaraq, onu da bildirməliyəm ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcək. Bu texnologiyalar imkan verir ki, qısa müddətdə, bəlkə də üç həftə, bir ay ərzində xəstəxana tamamilə yenidən qurulsun, - yığma texnologiyalar prinsipi əsasında qurulacaq, - bütün lazımi avadanlıqla təchiz edilsin. Hər bir xəstəxananın çarpayı sayı 200-dür. Belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması əlbəttə ki, bu mübarizədə bizə əlavə imkan verəcək.

"Gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq"

Mübarizədə əsas məsələlərdən biri vaxt məsələsidir. Biz vaxtı nə qədər daraltsaq, nə qədər az vaxt çərçivəsində işləri görsək, xəstəliyə qarşı mübarizədə o qədər uğur qazana bilərik. Ona görə vaxt amili və əlbəttə, həkimlərin peşəkarlığı, bizim imkanlarımız, bütün bu amillərin vəhdəti bu gün imkan verir ki, Azərbaycan hələ də az itkilərlə bu vəziyyətdən çıxır. Ancaq əlbəttə, işlərin gələcək inkişafı göstərəcək ki, bizim sonrakı addımlarımız nədən ibarət olacaq. Hər halda bu ciddi karantin rejimi ayın 20-nə qədər qüvvədə qalacaq. Ondan sonra biz addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq".

İ.Əliyev xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlardan da danışıb. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib. Hazırda karantində qalan vətəndaşların sayı 4500-dür. O, qeyd edib ki, karantin rejimində olan ən çox insanların məkanı Atletlər kəndidir. Orada hazırda təqribən 1300 insan yerləşdirilib. Karantində olan vətəndaşlar, eyni zamanda, Bakı şəhərində və bölgələrdə 4-5 ulduzlu otellərdə, istirahət zonalarında, bəzi dövlət qurumlarının istirahət mərkəzlərində yerləşdirilir. 

"Bir sözlə, Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik.

Onu da bildirməliyəm ki, koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaratdı, bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri qeyd edirlər. O cümlədən Beynəlxalq Valyuta Fondu artıq qeyd edib ki, koronavirusun yaradacağı böhran 2008-2009–cu illərin böhranından daha ağır olacaq.

Azərbaycana gəldikdə, - üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşmüşdür, - koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib. İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.

Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük! Sağ olun".