Şəhid əsgərin dəfnində izdiham yaşanıb FOTO, YENİLƏNİB

06 Mart, 2020 18:57 | Siyasət | Baxış sayı: 793
Şəhid cənazəsi
Şəhid cənazəsi

Medalı atası Nazim Paşazadəyə təqdim olunub

DSX-nin martın 5-də şəhid olmuş əsgəri Orxan Nazim olu Paşazadə doğulduğu Cəlilabad rayonunun Cəfərxanlı kəndindəki qəbristanlıqda təntənə ilə dəfn olunub.

İstiPress-in məlumatına görə, dəfndə izdiham yaşanıb. Mərasimdə şəhidin ailə üzvləri, doğmaları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, rayonun icra və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi və əməkdaşları, şəhidin qulluq etdiyi DSX-nin hərbi hissəsinin nümayəndələri və şəxsi heyəti iştirak edib. Cəlilabad İh başçısı Namiq Zeynalov və digər çıxış edənlər 24 yaşlı Orxan Paşazadənin əsl qəhrəmanlıq nümunəsi göstərməsindən, Vətənə övladlıq borcunu vicdanla yerinə yetirməsindən danışıblar.

24 yaşlı Orxan Paşazadənin təltif eduldiyi 3 cü dərəcəli Hərbi Xidmətdə fərqlənməyə görə medalı atası Nazim Paşazadəyə təqdim olunub. Şəhidin xatirəsinə 3 dəfə Yaylım atəşı açılıb. Orxan Paşazadə Naxçıvan Dövlət Universitetinin ingilis dili fakultəsini bitirib, iyul 2019-cu ildə hərbi xidmətə yollanmışdı.

Allah rəhmət eləsin.

11:55

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadə dəfn olunub. Şəhidlə vida mərasimi Cəlilabad rayonunun Cəfərxanlı kəndindəki evində baş tutub. Mərasimdən sonra cənazə kənd qəbiristanlığa gətirilib və burada torpağa tapşırılıb. 

Dəfn mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Saat 08:05

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində müdafiə və mühafizəsini həyata keçirən mövqelərimizə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, ötən gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlər görülür.

1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu bu gün Cəlilabad rayonunun Cəfərxanlı kəndi qəbiristanlığında dəfn ediləcək.