İrəvanda çaxnaşma: Xocalı nazirliyi yaradılır

06 Mart, 2019 18:01 | Siyasət | Baxış sayı: 1100
Xocalıda qətl etdiyi azərbaycanlıların fonunda şəkil çəkdirən erməni - sosial şəbəkədə ermənilər yayır
Xocalıda qətl etdiyi azərbaycanlıların fonunda şəkil çəkdirən erməni - sosial şəbəkədə ermənilər yayır

Ekspertlər Azərbaycana uduzduqlarını bildirirlər

Xocalı soyqırmının tandılması ilə bağlı Azərbaycanın apardığı diplomatik mübarizənin uğuru Ermənistanda ciddi narahatlıq doğurub.

İstiPress-in məlumatına görə, Ermənistanda dərc olunan “newsarmenia.am” portalı Xocalı soyqırımının dünya üzrə tanıdılmasının qarışsının alınması üçün xüsusi nazirlik yaratmağı təklif edib.

Dünya mediasına ilk dəfə şəhid jurnalist, Milli Qəhrəman Çingiz Mustafayev tərəfindən çatdırılan Xocalı soyqırımını dünyanın ona yaxın ölkəsinin parlamenti rəsmi olaraq tanıyıb. Onların arasında Pakistan kimi nüvə dövləti, Meksika və Sudan kimi iri dövlətlər var. Erməniləri ən çox narahat edən üç Avropa dövlətinin - Çexiya, Rumıniya və Bosniya-Hersoqovinanın parlamentlərinin Xocalıda baş verənləri soyqırım kimi tanımasıdır. 51 üzvü olan İslam Əməkdaşlıq Təşkilatı ilə yanaşı, Latın Amerikasının üç xristian ölkəsi - Peru, Kolumbiya və Hondursa da Xocalı soyqırımını tanıyıb. Yəni toplam 60-a yaxın ölkə Xocalıda baş verənləri soyqırım kimi qiymətləndirib. ABŞ-ın 21 ştatının parlamenti də Xocalı soqırımını tanıyıb. Amma ermənilər 100 ildən artıq təbliğat aparsalar da 1915-ci ildə baş verənləri soryqırım kimi 25-26 ölkə tanıyıb. 

Çingiz Mustafayev Xocalı soyqırımının qurbanlarını çəkərkən
Çingiz Mustafayev Xocalı soyqırımının qurbanlarını çəkərkən

Məhz buna görə erməni diplomat Arman Navasardyan portala müsahibə verərək, Ermənistanın diplomatik müharibəni uduzduğunu bildirib: "Biz anlaya bilməliyik ki, söhbət iri siyasi proseslərdən gedir, özü də Azərbaycan fəal olaraq elə bir təbliğat aparır ki, bu, bir millətin məhvi siyasəti ilə müşayiət edilir", - deyə Navasardyan bildirib.

Təbii ki, burada Azərbaycanın Ermənistanı blokadaya salması ilə ölkənin boşalmasına işarə vurulur. Ermənilər özləri də Qarabağ müharibəsi nəticəsində ölkə əhalisinin 3,7 milyondan 2 milyona qədər azaldığını etiraf edirlər. Amma həm də İrəvandakı Rusiya Universitetinin professoru olan Navasardyan problemi necə həll etmək istəyir? Erməni diplomatlar gedib dünyaya yalvaracaqlar ki, gəlin, Azərbaycanı məcbur edin yolları açsın, Ermənistanla ticarət əlaqələri qursun, transmilli layihələr georçəkləşdirsin, yoxsa dünyanın “ən köhnə milləti” tarix səhnəsindən silinəcək?!

Dünyanın bütün güc mərkəzləri - həm Rusiya, həm ABŞ, həm də Avropa Birliyi onlara başa salır ki, Madrid prinsipləri üzrə götürdükləri öhdəliyə əməl etməli - Dağlıq Qarabağ ətrafındakı 5 rayondan qoşunları çıxarmalıdırlar, əks halda yollar açılmayacaq. Erməni liderlərin anasının qucağına qaçan ağlayan uşaq kimi üz tutduqları Angela Merkel isə 2016-cı ildə Serj Sarkisyana alman gerçəkçiliyi ilə ermənilər üçün acı olan həqiqəti söyləmişdi: Münaqişə ərazi bütövlüyü prinsipi əsasına həll edilməlidir, yəni Avropa Dağlıq Qarabağın gələcəyini Azərbaycan sərhədlərindən kənarda görmür.

Məsələnin ən tragikomik tərəfi odur ki, erməni portalı dərc etdirdiyi məqaləyə ekspert kimi diversant Vova Vartanovu dəvət edib. Diversant olduğunu, yəni düqşmən saydığı ölkədə təxribat törətməklə - yolları, körpüləri minalayaraq mülki  insanları kütləvi öldürməklə çaxnaşma yaratmaq üzrə mütəxəssis olduğunu həmişə qürurla bildirən Vova Vartanov baş verənlərin soyqırım olmadığına şahidlik etdiyini iddia edir. Amma elə öz iddiasında da Xocalıdan qaçan əhalini özü qırdığını təsdiqləyir. Onun iddiasına görə, Xocalını işğal etmək üçün hücuma keçən ermənilər əhalinin qaçması üçün dəhliz qoyublarmış və həmin dəhlizə iki yoldaşı ilə Vova Vartanov nəzarət edirmiş. Vartanov deyir azərbaycanlılar həmin yoldan Xocalıya silah daşımaq üçün istifadə edirmiş. Bundan sonra Vartanov həmin yolda iki azərbaycanlı dəstənin qarşılaşaraq bir-birini qırmasına iddia edir.

Amma həmin yolda ölənlər qadınlar, qocalar və uşaqlardır ki, onların hansısa silahlı toqquşmaya qarışması mümkün deyil. Həm də Xocalıdan o vaxt sağ çıxmış adamların dediyinə görə, ermənilər şahmat üsulu ilə atəş açırmışlar, Xocalıdan qaçanların bəzilərini öldürürmüşlər və bəzilərini sağ buraxırmışlar. Ola bilər ki, xarici jurnalistlərdə dinc əhaliyə çıxmaq üçün dəhliz verildi təəssüratı yaratmaq istəyiblər. Amma təbii ki, heç bir jurnalist belə bir dəhlizin olduğunu yazmayıb. Bir də Xocalıda qan tökmüş erməni silahlıları sosial şəbəkələrdə öz şəkillərini meyitlərin fonunda dərc etdirməkdən çəkinmirlər.

Ermənilərin sosial şəbəkədə dərc etdirdiyi Xocalı fotoları
Ermənilərin sosial şəbəkədə dərc etdirdiyi Xocalı fotoları

Üstəgəl, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan hələ müdafiə naziri olan zaman Britaniya jurnalisti Tomas de Vaala münaqişəni məqsədli şəkildə törətdiklərini etiraf etmişdi: "Xocalıya qədər azərbaycanlılar düşünürdü ki, bizimlə zarafat etmək olar, onlar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyil. Biz bu stereotipi sındırmağı bacardıq. Bunlar baş verdi".

Tomas de Vaal Sarkisyanın dediklərini öz kitabında və xüsusi elektron ünvanda dərc etməklə yanaşı, söhbətin səs yazısını da saxlayır və həmin ünvana yerləşdirib. Ola bilər ki, yuxarıda sadalanan ölkələrin Xocalı soyqırımını tanımasında bunun böyük rolu olub. Amma bu səs yazısı həm də Xocalıda qan tökmüş faşistləri - Serj Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı, Bako Saakyanı, Samvel Babayanı və başqalarını bəşəriyyətə qarşı cinayət törətmiş iblislər kimi Nürenberq məhkəməsinə də apara bilər. Amma bunun üçün dünyada söz sahibi olan qərblilərin bir anlıq xristian təəssübkeşliyindən geri çəkilərək insan olduqlarını yadlarına salması lazımdır.