Paşinyandan Qarabağın azərbaycanlı icmasına dəstək - ermənilər sarsılıb

06 Fevral, 2020 16:41 | Siyasət | Baxış sayı: 983

Danışıqlar prosesinin detallarının ortaya çıxması Ermənistanı silkələyib

Ermənistan müxalifətinin təmsilçisi Artur Danielyan iddia edib ki, baş nazir Nikol Paşinyan “Qarabağ danışıqların tərəfinə çevrilsin” dedikdə, məhz Azərbaycan icması nəzərdə tutub.

İstiPressin məlumatına görə, "Adekvad" partiyasının həmtəsisçisi Artur Danielyan bu iddianı fevralın 5-də keçirilən “Qarabağ dəyişiklik ərəfəsində. Xarici və daxili təhlükəsizlik" mövzusunda keçirilən müzakirələrdə irəli sürüb.

“Paşinyan deyəndə ki, Qarabağ danışıqların tərəfinə çevrilsin, məhz Azərbaycan icması nəzərdə tutulurdu. Güman edilir ki, münaqişənin həlli "torpaqların təslim edilməsi" kimi görünməyəcək, ancaq həmin ərazilərdə əvvəllər oradan qaçmaq məcburiyyətində qalmış insanlar məskunlaşacaqlar, sülhməramlılar isə onların təhlükəsizliyini təmin edəcəklər. Beləliklə, baş nazir Azərbaycana və beynəlxalq ictimaiyyətə istədiklərini verəcək”,- deyə “Yerkramas” Danielyanın sözlərini dərc edib.

Danielyanın nə demək istədiyi aydındır - Paşinyan münaqişənin həlli variantına Qarabağın hər iki icmasını oyuna qatmaqla məsuliyyətdən yayınmaq istəyir. İstənilən halda, beynəlxalq hüquqa əsaslanan Madrid prinsiplərinə görə, münaqişənin həlli üçün öncə Dağlıq Qarabağ ətrafındakı 7 rayondan Ermənistan ordusu geri çəkilməlidir və həmin rayonlar Azərbaycanın nəzarətinə keçməlidir, daha sonra Dağlıq Qarabağa sülhməramlı qoşunlar yeridilməlidir və oradan köçkün düşmüş azərbaycanlılar geri qayıtmalıdır. Ən sonda isə Dağlıq Qarabağın statusu orada yaşayanlar arasında  referendum yolu ilə müəyyən edilməlidir. 

Bundan əvvəl danışıqlarda iştirak edən erməni liderlər, o cümlədən Serj Sarkisyan yalnız referendum məsələsində beynəlxalq vasitəçilərin qarşısında öz tələblərini irəli sürürdülər, qalan hər şeylə, yəni 7 rayonun Azərbaycana qaytarılması və s.-lə tam razı idilər. Ermənilər sadəcə referendumun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində keçirilməsinin, həm də referendumda Qarabağın azərbaycanlı icmasının iştirakının əleyhinə idilər. Amma müxtəlif beynəlxalq səviyyələrdə onlara dəfələrlə başa salınıb ki, Azərbaycanın ərazi bütövlüyü nəzərə alınacaq və azərbaycanlı icma Qarabağa qayıdacaq. Bunu aprel döyüşlərindən sonra Serj Sarkisyanın yardım üçün müraciət etdiyi Almaniyanın lideri Angela Merkel də təkrarlamışdı.

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Erməniləri qane etməyən məsələ məhz budur. Qarabağ münaqişəsinin gedişində onlar erməni terrorçulara və hətta Kəlbəcərin işğalında iştirak etmiş PKK terrorçularına Hitlersayağı vədlər verərək, tutulan torpaqların işğalçılar arasında bölüşdürüləcəyini bildirmişdilər. Eynən Hitler də faşist işğalçılarına Urala qədər işğal edilən Rusiya torpaqlarının alman əsgərləri arasında bölüşdürüləcəyini, rusların Sibirə köçürüləcəyini vəd etmişdi. Qarabağ klanı həmin torpaqları tutduqdan sonra işğalda iştirak etmiş terroçulara müəyyən qədər ərazilər verdi, düzdür, əsas ərazilər, Koçaryan, Ohanyan, Sarkisyan kimi yüksək çinli teroruçular tərəfindən zəbt edildi və hazırda o torpaqlarda becərilən məhsullar İrəvanda emal edilərək Rusiya bazarlarına göndərilir. İndi beynəlxalq hüquq həmin ərazilərin həqiqi sahiblərinin geri qayıtmasını tələb edir ki, Danielyan məhz buna qarşı çıxır və Sarkisyanın erməni faşizminə xəyanət edərək bununla razılaşa bilməyəcəyini iddia edir.

Bu, Ermənistanda hökm sürən faşist əhval-ruhiyyəsinin açıq göstəricisidir və vəziyyət artıq paranoya halını alıb - ermənilər ellikcə işğal etdikləri istənilən torpağın onlara qalmalı olduqlarını düşünürlər. Təbii ki, bunu nəzərə alan Serj  Sarkisyan Madrid prinsiplərinin detallarını xalqdan gizlədirdi, ermənilər isə düşünürdü ki, ATƏT-in Minsk qrupunun həmsədri olan xristian dövlətlər müsəlman Azərbaycanın iradəsini məhz xristian Ermənistanın xeyrinə qırmaqla məşğuldurlar.

Paşinyan da eyni yolu tutmuşdu - iki ildir ki, onun başçılıq etdiyi hökumət məhz Madrid prinsipləri çərçivəsində danışıqlar aparır, o isə guya danışıqlardan imtina etdiyini söyləyir və bütün günahı özündən əvvəlkilərin boynuna yükləyir. Yəni artıq ermənilər gerçəklikdən xəbərdar olurlar və bu, onları sarsıldır. Onlar hətta Azərbaycan lideri İlham Əliyevi öz rəhbərlərinə misal çəkməyə məcbur olublar. Məsələn “Aysor”un yazdığına görə, Ermənistan parlamentinin keçmiş üzvü Ruben Hakobyan sözügedən “Qarabağ dəyişiklik ərəfəsində. Xarici və daxili təhlükəsizlik" mövzusunda keçirilən müzakirələrdə bildirib: “Azərbaycan öz xalqına qarşı daha dürüstdür, bütün görüşlərdən sonra danışıqlar aparıldığı və onların nə barədə olduğu haqda məlumat verir”,- deyə Ruben Hakobyan vurğulayıb.

Bu, göstərir ki, ermənilər idarəolunan, danışılmış “inqilablarla” nə qədər demokratiya görüntüsü yaratmağa çalışsalar da, mafioz-klan idarəetməsindən uzaqlaşa bilmirlər və gerçəkləri vətəndaşdan gizlədirlər. Azərbaycan hakimiyyəti isə hərbi-demokratiya keçmişinə əsaslanaraq gerçəkləri xalqdan gizlətmir və uğurun açarının bundan olduğunu anlayır. Öir atalar sözündə olduğu kimi - ellə gələn toy-bayramdır. Bu prinsipə arxalanmaq bir gün Azərbaycana işğal edilmiş torpaqlarda da bayram büsatı qurmaq imkanı yaradacaq.