Təbrizlilərin döyüşdüyü iki cəbhə

06 Yanvar, 2018 14:31 | Siyasət | Baxış sayı: 721
İranda etiraz aksiyası
İranda etiraz aksiyası

Cənubi Azərbaycan hüquqlarının bərpasını hər şeydə üstün tutur

Cənubi Azərbaycan həm İrandakı indiki rejimə, həm də ona etiraz üçün küçələrə axın etmiş fars şovinistlərinə qarşıdır.

İstiPress-in məlumatına görə, Təbrizin İranda gedən proseslərə bu münasibəti “Traktor” komnadasının dünənki oyununda özünü ən parlaq şəkildə göstərdi.

Cənubi Azərbaycan fəallarının sosial şəbəkələrdə paylaşdıqları videolardan belə görünür ki, yundan əvvəl stadiona toplaşmış on minlərlə azərbaycanlı “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarını səsləndirib. Oyun bitdikdən sonra stadionu dinc şəkildə tərk edən azərbaycanlılar “Azərbaycan milləti, çəkəmməz bu zilləti” deyə hayqırıblar.

Yəni “CIA - The World Factbook” ensiklopediyasına görə, İran əhalisinin 24%-ni təşkil edən azərbaycanlılar beynəlxalq hüquq çərçivəsində çıxış edirlər və öz dillərində dövlət hesabına təhsil tələb edirlər. Azərbaycanlılar bununla həm də İslam dəyərlərinə əsaslandığını iddia edən rejimdən İslama və Qurana uyğun davranmağı tələb edirlər - İslama görə, fars dili türk dili ilə müqayisədə heç bir üstünlüyə malik deyil və niyə ölkə əhalisinin şimal-qərbdə yığcam yaşayan və məktəb illərinə qədər fars dilində bir kəlmə də bilməyən 24 faizi ölkə əhalisinin yalnız 51 faizini təşkil edən farsların dilində oxumağa məcbur edilir.

Təbrizdə "Traktor"un oyunundan sonra

Sovet illərindən Azərbaycan SSR-in təcrübəsi göstərir ki, bunun İranın bütövlüyü naminə edilməsi ilə bağlı gətirilən bəhanələr də nağıldır. Sovet illərindən Şimali Azərbaycan əhalisinin əksəriyyəti öz dilində oxuyurdu, 70 faizi rusca düz-əməlli bilmirdi, amma heç kimin ağlına Azərbaycanı SSR-i SSRİ-dən ayırmaq barədə düşünmək belə gəlmirdi, SSRİ-in məhz üç slavyan respublikanın - Rusiya, Ukrayna və Belarusun rəhbərləri dağıtdılar. Yəni İranda azərbaycanlıların daha savadlı yetişib daha faydalı vətəndaşa çevrilməsi üçün ana dilində bütün səviyyələrdə təhsil vacibdir və azərbaycanlılar məntiqli davranaraq məhz bunu tələb edirlər. 

Soydaşlarımızın Tehran, İsfahan və Məhşəd küçələrinə çıxmış fars şovinistləriə səssiz etirazı da məhz bununla bağlıdır. Etirazçılar şah dövrünü bərpaya çağırılar ki, bu, yalnız azərbaycanlılar üçün deyil, İranın 30 faizini təşkil edən bütün türklər üçün növbəti istibdad dövrü demək olardı.

Cənubi Azərbaycanın etnik xəritəsi
Cənubi Azərbaycanın etnik xəritəsi

Rusiyanın “Vestnik Kavkaza” portalının yazdığına görə, 1930-cu illərdə Cənubi Azərbaycanın qubernatoru olmuş Abdulla Mustofi etiraf edib ki, onun siyasəti türk dilinin istifadəsini dayandırmaq olub. “Pəhləvi sülaləsinin hakimiyyəti dövründə paniranizm dövlət ideologiyası səviyyəsinə gətirildikdən sonra azərbaycanlılar da digər qeyri-titul millətlər kimi universitetlərdə öz dillərində danışdıqlarına görə cərimələnirdilər. İndiki - İslam Respublikası dövründəki  kimi, Azərbaycan  dilində qəzet və jurnalların çıxacağı, universitetlərdə Azərbaycan dili fakültələrinin olacağı o vaxt heç kimin ağlına belə gəlməzdi”,- deyə məqalədə vurğulanır. Məqalədə həm də İranın ali dini lideri, etnik azərbaycanlı Əli Xamneyinin rəsmi səviyyədə Tehranda yaşayan azərbaycanlılara “Uşaqlarınıza türk dilini öyrədin” deyə müraciət etməsi də xatırladılıb.

Rusiyada dərc olunan ermənipərəst “Reqnum” portalı da bu fakta işarə vuraraq İranın titullu ruhanilərin çoxunun azərbaycanlı olması faktını qabardıb, etnik azərbaycanlılarla yanaşı Türkiyə və Azərbaycanın İrandakı legitim hakimiyyəti dəstəkləməsini bununla bağlamağa çalışıb. Ermənipərəst portal bunu çirkli məqsədlə verməyə çalışsa da, əslində bu amil də öz rolunu oynayır. Yaşlı Təbriz sakinlərinin dediyinə görə, şah zamanında Tehranda dövlət məmurları azərbaycanlılara qarşı çox kobud davranıb, farsca ləhcə ilə danışmalarına görə onları təhqir edirmişlər. Amma İslam Respublikası dövründə Tehranda nəinki dövlət idarələrində, hətta özəl şirkətlərdə belə işləyənlərin 70 faizi Azərbaycan dilində başa düşür, yəni artıq farsca danışmağa da ehtiyac qalmır. Bütün bu kimi amillər Təbriz azərbaycanlılarının  öz hüquqlarının bərpası uğrunda seçdikləri strategiyanın doğru olduğunu göstərir.