BMT İrana görə toplandı - "ABŞ-ın İrana allergiyası var"

06 Yanvar, 2018 09:30 | Siyasət | Baxış sayı: 161
BMT
BMT

Azərbaycanın vənub qonşusu ABŞ-ı günahlandırdı

BMT Təhlükəsizlik Şurasında İranda baş verən hadisələrlə bağlı fövqəladə iclas keçirilib. İstiPress-in məlumatına görə, iclas ABŞ-ın təşəbbüsü ilə baş tutub.

İranın qurumdakı daimi nümayəndəsi Qulaməli Xoşru ABŞ-ı ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib və iclasın çağrılmasını ABŞ-ın hakimiyyətdən sui-istifadəsi adlandırıb. Onun sözlərinə görə, ölkələrin daxili işləri barədə müzakirə aparmaq bu təşkilatın səlahiyyəti xaricindədir. 

XİN başçısı Məhəmməd Cavad Zərif də İranda keçirilən aksiyalarla bağlı çağırılan iclası Donald Tramp admnistrasiyasının xarici siyasətinin növbəti səhvi kimi qiymətləndirib. "Təhlükəsilik Şurası növbəti dəfə ABŞ-a öz səlahiyyətlərindən sui-istifadə etməyə imkan verdi. Təşkilata üzv ölkələrin çoxu nüvə proqramına sadiq qalınması və başqa ölkələrin daxili işlərinə qarışmağa imkan verilməməsində razılaşdılar. Tramp admnistrasiyası siyasətinin növbəti səhvi", deyə o "Twitter" səhifəsində yazıb. 

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya isə rəsmi Vaşinqtonun BMT Təhlükəsizlik Şurasının iclasını İranla nüvə sazişini pozmaq üçün çağırdığını bəyan edib. “Şuranın İranda etirazlara həsr olunmuş toplantısının əsl məqsədi Tehranla nüvə sazişini pozmaqdır. ABŞ-ı İran xalqının mənafeyi maraqlandırmır”, deyə diplomat qeyd edib. Diplomat ABŞ-ın İrana qarşı allergiyası olduğunu bildirib.

Bütün ittihamlardan sonra ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli dünya ictimaiyyətinin İranda etiraz aksiyaları ilə bağlı ölkə hökumətinin atdığı addımları izlədiyini deyib.

Məhəmməd Cavad Zərif
Məhəmməd Cavad Zərif

İranda etiraz aksiyaları ötən ilin sonu - dekabrın 28-dən başlayıb. Məşhəddə qiymət artımına etiraz məqsədi ilə başlayan aksiyalarda sonradan hökumət əleyhinə şüarlar səsləndirilib. Etiraz dalğası qısa zamanda ölkənin digər iri şəhərlərinə də sıçrayıb. Polislərlə baş verən toqquşmalarda 20-dən artıq adam ölüb, yüzlərlə insan isə saxlanılıb.

Bundan dərhal sonra isə minlərlə insan hökumətə dəstək məqsədi ilə küçələrə çıxıb. 

Bir neçə gün öncə İran İslam İnqilabı keşikçiləri Korpusunun generalı qiyamın başa çatdığını elan edib. 

Nikki Heyli
Nikki Heyli