Azərbaycandan Rusiyaya etiraz - İrəvandakı iclasa görə

05 Dekabr, 2018 14:25 | Siyasət | Baxış sayı: 232
Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

"Açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında əlaqələrə xələl gətirmək məqsədi güdür"

Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubunun” ilk iclasına münasibət bildirib.  

Nazirlikdən verilən məlumata görə, Ermənistan və Rusiya KİV-ləri bu il noiyabrın 30-dan dekabrın 1-dək  keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubunun” birinci iclası barədə məlumatlar yayıb. 

"Özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının 7-ci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir.

Təşkilatçılar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, K.Zatulinin rəhbərlik etdiyi MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən səsləndirilən və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür. Bundan əlavə, K.Zatulinin səsləndirdikləri MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir".

Bildirilib ki, V.Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyyatdır və MDB çərçivəsində əməkdaşlıq ruhuna zərbədir: "Nəhayət, “Lazerev klubu”nun ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası məsələ ilə bağlı narazılığını Rusiya Federasiyasındakı səfirliyi vasitəsilə Rusiya XİN-in diqqətinə çatdırıb".