Tərəfdarları Saakaşvilini polisin əlindən belə aldı VİDEO

05 Dekabr, 2017 16:35 | Siyasət | Baxış sayı: 412
Saakaşvili azad olduqdan sonra
Saakaşvili azad olduqdan sonra

Onun saxlanıldığı mikroavtobusun qapısını sındırdılar

Kiyevdə Mixail Saakaşvilinin tərəfdarları onun saxlanıldığı mikroavtobusun qapısını sındıraraq onu azad ediblər.

Ukrayna KİV-ləri xəbər verir ki, Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Saakaşvilini həbs etdikdən sonra onun tərəfdarları siyasətçinin aparıldığı avtobusu mühasirəyə alıblar. Bir neçə saatlıq mühasirədən sonra Saakaşvilinin tərəfdarları avtobusun pəncərələrini sındırıblar, onlara qarşı gözyaşardıcı qaz tətbiq edilib. Buna baxmayaraq izdiham avtobusun qapısını sındıraraq Saakaşvilini çıxarıblar. Hazırda Saakaşvili öz tərəfdarları ilə birlikdə Kiyevin Kostelni küçəsi ilə irəliləyir.

SAAT 15:59

Ukrayna prokurorluğu Mixail Saakaşvilini Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə yaxın iş adamı Sergey Kurçenkodan 500 min dollar rüşvət almasına görə tutduğunu bildirib.

İstiPress “İnterfaks”a istinadən bildirir ki, bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko keçirdiyi brifinqdə deyib. O, istintaqın əlində  Mixail Saakaşvili ilə Sergey Kurçenkonun telefon danışığının səs yazısı olduğunu iddia edib. 

Baş prokuror iş adamı Sergey Kurçenkonun adını Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə bağlı mütəşəkkil cinayətkar qruplaşma ilə hallandırıb. Lutsenkonun sözlərinə görə, “Yanukoviç-Kurçenko” qruplaşmasının pulları ilə Saakaşvili Ukraynadakı etiraz aksiyalarını maliyyələşdirib və hakimiyyəti ələ keçirməyə çalışıb.

Bu gün Kiyevdə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili saxlanılıb. Onun evində Baş prokurorluq əməkdaşları məhkəmə qərarına əsasən axtarış aparıblar. Onları Ukrayna Təhlükəsizlik Xidməti işçiləri də müşayiət edib.  Mixail Saakaşvilinin qaldığı evə xüsusi xidmət orqanlarının əməkdaşları girəndə o, hüquq-mühafizə orqanları əməkdaşlarından xilas olmaq üçün binanın damına çıxıb. Ona toxunalacağı təqdirdə özünü damdan atacağı ilə hədələyib. Onu damda tutublar.