Müşfiqlə birlikdə güllələnmiş baş leytenant

05 Noyabr, 2018 16:58 | Siyasət | Baxış sayı: 425
Nəcəf
Nəcəf

"Dilbər ağlaya-ağlaya dedi ki, Müşfiqlə Nəcəfi apardılar"

1937 qaragüruhunun daha bir acısı.

"Mikayıl Müşfiqin qalıqlarının yanında göstərilən digər insan kəlləsi bibimin həyat yoldaşı Nəcəf Qulu oğlu Əliyevə məxsus ola bilər. Biz bu kadrları televiziyada gördük və oxşatdıq. Nəcəf Əliyevlə Müşfiq həbsdə olarkən bir kamerada qalıblar".

Bu şok faktlarla bağlı İstiPress-in şimal bürosuna eksklüziv olaraq Milli EA-nin Genetika İnstitutunun əməkdaşı, bioloq alim Dilşad Bayramova danışıb.

Onun sözlərinə görə, mərhum bibisi Zəhra Əliyeva bu barədə ailə üzvlərinə, qohumlarına Müşfiqlə bağlı daha bir şok fakt da açıqlayıb. "Bibim danışırdı ki, Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadəni həbsxanaya gedib-gələndə tanıyıb. Bir gün gedəndə Dilbər ağlaya-ağlaya  Zəhra bibimə dedi ki, Müşfiqlə Nəcəfi apardılar. Müşfiqlə Nəcəf Əliyev NKVD-nin zirzəmisində saxlanılıblar və oradan aparılaraq gülləniblər."

Dilşad Bayramovanın söylədiyi fakt o qədər maraqlı göründü ki, Müşfiqlə birgə güllələndiyi ehtimal edilən Nəcəf Əliyevin Xaçmazın Arzu kəndində yaşayan ailə üzvlərilə görüşdük. Nəvəsi Xatirə Əliyeva bunları söylədi: "Mərhum atam Tofiq babam tutulanda ana bətnində olub, babam güllələnəndən bir ay sonra doğulub. Atam ağlı kəsəndən sonra repressiya qurbanı olmuş babamın heç bir günahı olmadığını sübut etmək üçün yuxarı mərkəzı orqanlara çox müraciət edib, nəhayət, 2007-ci ildə onun bəraət almasını sübut edən arxiv sənədini, həbs olunma anketini və ailə tərkibi haqda olan arayışı ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin, indiki DTX-nin arxivindən əldə edə bilib".

İstiPress olaraq həmin sənədlərlə biz də tanış olduq. Keçmiş MTN-nin arxivinin rəisi Xaqani Bağırovun imzası ilə mərhum Tofiq Əliyevə göndərilən məktubda deyilir: "Ərizənizə cavab olaraq ki, bildiririk ki, 1903-cü ildəErmənistan SSR-in Dalaqlı (Dəlləkli) kəndində anadan olmuş, 77-ci Diviziyanın 77-ci Əlahiddə kimyəvi rotasının vzvod (taqım) komandiri, baş leytenant Nəcəf Qulu oğlu Əliyev hərbi hissədə əks inqilabi fəaliyyət göstərməkdə günahlandırılaraq 24 sentyabr 1937-ci ildə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən həbs edilmişdir (anketin kserosurəti əlavə olunur).  3 yanvar 1938 -ci ildə Azərbaycan SSR CM-nin 64-70,72/73-maddələrilə - əks inqilabi hərbi-faşist təşkilatın üzvü, sovet hakimiyyəti əleyhinə təbliğatda müqəssir bilinərək SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə güllələnməyə məhkum edilmişdir. Hökm 1938-ci il yanvarın 3-də Bakı şəhərində yerinə yetirilmişdir (kserosurət əlavə olunur)". 

Daha sonra arxiv məktubunda güllələnən hərbi qulluqçu Nəcəf Əliyevin güllələnən zaman 23 yaşında olan həyat yoldaşı Zəhra, 5 və 1 yaşında oğulları Nuru və Fəxrəddin barədə də məlumat yer alıb. Qeyd etdiyimiz kimi, Nəcəf Əliyevin 3-cü oğlu ölümündən bir ay sonra anadan olub.  Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin arxiv rəisindən mərhum Tofiq Əliyevə gələn məktubda daha sonra atası Nəcəf Əliyevin bəraət alması barədə də açıqlama verilib: "11 mart 1958-ci il tarixdə Azərbaycan SSR ali Məhkəməsi Hərbi Kollegiyası Əliyev Nəcəf Qulu oğlunun işinə yenidən baxaraq haqqında olan SSRİ Ali Məhkəməsinin 3 yanvar 1938-ci il tarixli qərarını ləğv etmiş və əməlində cinayət tərkibi olmadığı üçün işin icraatına xitam, Əliyev Nəcəf Qulu oğluna isə bəraət verilmişdir".

Xatirə Əliyeva deyir ki, nakam şairimiz Mikayıl Müşfiqin qalıqlarının tapılması barədə mətbuatda gedən məlumatları çox həyəcanla izləyirik və sevinirik. Sevinirik ki, Müşfiqlə birgə həbsdə olan və birgə güllələnməyə aparılan babamız Nəcəf Əliyevin də gec də olsa sümükləri tanınar. Tapılan insan sümükləri tanınsa, Müşfiq kimi, babamızın da qəbri olar.

Əliyevlər ailəsi 1937 -ci il repressiya qurbanı ol muş nakam şair Mikayıl Müşfiqin sümüklərinin tanınmasına dair yaradılmış komissiyadan-aiddiyyatı nazirliklərdən onlardan da DNT analizi götürülməsini xahiş edir. Onun sözlərinə görə, əmisi Nuru 85 yaşında sağdır, Xaçmazın Arzu kəndində yaşayır. Oğul nəvələri də bu kənddədir. Ailə üzvlərindən DNK analizi götürülsə, Mikayıl Müşfiqin qalıqları ilə birgə göstərilən diğər sümüklərin kimə məxsus olması da tanınar. Ailə bu barədə ona görə qətiyyətli və israrlıdır ki, Müşfiqlə Nəcəf Əliyev bir yerdə gülləniblər. Mərhum Zəhra Əliyevaya Dilbər Axundzadənin ağlayaraq "Müşfiqlə Nəcəfi apardılar" deməsini Əliyevlərin hər bir nümayəndəsi yaxşı bilir. 

Əliyevlərin müraciəti ilə bağlı müraciət etdiyimiz Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinin rəisi Gündüz Məmmədov İstiPress-ə bildirib ki, bu məsələ, yəni Nəcəf Əliyevin ailəsinin irəli sürdüyü DNT analizinin götütülməsi Mikayıl Müşfiqin qalıqlarının olub olmamasını araşdıran komissiyanın səlahiyyətindədir. Xaçmaz rayon mərkəzi xəstəxanasının baş həkimi Səyyaf Tağıyev isə bu barədə Səhiyyə Nazirliyinin rəhbərliyinə məruzə edəcəyini bildirib.

Göründüyü ki, son vaxtlar ölkə mətbuatında gündəmi zəbt edən, prezident İlham Əliyevin şəxsi nəzarətə götürdüyü Mikayıl Müşfiqin qalıqlarının tapılması ehtimalı ilə bağlı bir başqa bir ehtimal da ortaya çıxdı.   

Nakam məhəbbət şairimizlə yanaşı,qəbri olmayan hərbi qulluqçu Nəcəf Əliyevin sümüklərinin tanınması çox vacibdir.1937 qaragüruhunun həbs maşınının apardığı günahsız qurbanlarının kimliyinin tanınması həm ailələrinə təsəlli olar,həm də o qara illərin acı tarixi barədə ictimaiyyət də bir daha məlumatlı olar.