İlham Əliyev: "Vladimir Vladimiroviç,ürəyinizdə arzu tuta bilərsiniz..."

05 Oktyabr, 2019 09:01 | Siyasət | Baxış sayı: 656
“Valday klubu" iştirakçıları ilə görüş
“Valday klubu" iştirakçıları ilə görüş

Prezident "Valday klubu" iştirakçılarının qeyri-formal görüşünə qatılıb

Soçidə dövlət başçılarının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşü olub. Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış ediblər. 

Putin qonaqları bir daha qeyri-rəsmi şəraitdə salamlayıb. "Mənim fikrimcə bu məkan yaxşı, davamlı format kəsb edib və mütəxəssislərin, özü də təkcə mütəxəssislərin yox, həm də demək olar ki, geniş ictimaiyyətin layiqli hörmətini qazanıb. Mənə belə gəlir ki, bu illər ərzində hətta müəyyən komanda yaranıb. Bu komanda çoxmillətli və sözün yaxşı mənasında bizim xalqın dediyi kimi, müxtəliftərkibli, amma hər halda komandadır.

Mən həmkarlarıma - artıq burada olmayan, lakin o bilir, təşəkkür sözlərimi eşidib, İordaniya Kralına, Prezident Duterteyə, həmçinin burada iştirak edən Qazaxıstan və Azərbaycan prezidentlərinə ayrıca təşəkkürümü bildirmək istəyirəm. Sizin hamınızı salamlamaq üçün məmnuniyyətlə onlara söz verirəm".

Tədbirdə Azərbaycan lideri İlham Əliyev də çıxış edib. O, dəvət üçün rusiyalı həmkarına təşəkkürünü çatdırıb və qeyd edib ki, bu forumun işində iştirak etmək böyük şərəfdir.

"Mən artıq demişəm ki, forum aktual məsələlərin müzakirəsi üçün ən mühüm beynəlxalq məkanlardan biridir. Bugünkü mövzu Şərqə həsr edilmişdi. Lakin təbii ki, biz bu mövzunun çərçivəsindən kənara çıxdıq. Mənə belə gəlir ki, bu gün həqiqətən çox maraqlı, səmimi diskussiya keçdi, panelin hər bir iştirakçısı öz fikrini sərbəst ifadə edə bildi. Siz də qeyd etdiyiniz kimi, bizim fikirlərimiz çox cəhətdən üst-üstə düşürdü.

Zənnimcə, bugünkü panel tərəfdaşların, dostların, həmfikirlərin paneli idi. Bugünkü panelə verdiyi töhfəyə görə Vladimir Vladimiroviçə xüsusi təşəkkür edirəm, işin əsas ağırlığı onun üzərinə düşürdü. Biz də bacardığımız qədər kömək edirdik. Bir daha sağ olun. Hamınıza firavanlıq diləyirəm.

Yeri gəlmişkən, demək istərdim ki, zalda da çoxlu köhnə dostlarımı, o cümlədən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarını gördüm. Vladimir Vladimiroviç, ürəyinizdə arzu tuta bilərsiniz - Siz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun iki məzunu arasında əyləşmisiniz".

Putin prezidentin bu zarafatını cavabsız qoymayıb. O, arzusunun ortaq işin nəticələrinin real siyasətdə əməli fayda verməsini, diskussiyalar dünyanın ən mühüm problemlərinin həllinə müxtəlif ölkələrin yanaşmalarında onların mövqelərini daha yaxşı anlamağa kömək etməsini arzu edib. "Bu problemlərin həllində isə biz hamımız maraqlıyıq".

Xatırladaq ki, prezidentin Rusiyaya səfəri ötən gün başa çatıb. 

İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin