Zabitlərin də diplomatik pasportları olacaq

05 Oktyabr, 2018 12:33 | Siyasət | Baxış sayı: 74
Azərbaycan pasportu
Azərbaycan pasportu

Milli Məclisin (MM) payız sessiyasının bu gün keçiriləcək ikinci iclasında “Pasportlar haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

İstiPress-in məlumatına görə, ölkə prezidenti İlham Əliyevin təqdimatı ilə göndərilən layihədə xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə diplomatik pasport verilməsi məsələsi əksini tapıb.

Belə ki, qanunun 6-cı (Diplomatik pasport) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə də diplomatik pasport verilir.