Qusarlı gənc adını daşıdığı şəhid əmisinin öcünü alacaq

05 Oktyabr, 2018 15:38 | Siyasət | Baxış sayı: 315
Səfərbərlik - ARXİV
Səfərbərlik - ARXİV

Ağdərə ətrafında gedən döyüşlərdə həlak olmuş Bəhruz Ağaverdiyevin adını qardaşı oğluna qoyublar

Qusarda hərbi xidmətə yollanan gənclərin daha bir qrupu  bu gün ordu sıralarına yola salınıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, yola düşən gənclər arasında 1993-cü ildə Ağdərə ətrafında gedən döyüşlərdə həlak olmuş şəhid Bəhruz Ağaverdiyevin qardaşı oğlu olan adaşı da vardı.

18 yaşlı Bəhruz Vüqar oğlu Ağaverdiyev hərbi xidmətə böyük coşqu və həvəslə yollandığını, Vətənin müdafiəsinə hər an hazır olduğunu deyib. Onun sözlərinə görə, əmisi Bəhruzun cəbhədəki igidliyi ilə həmişə fəxr edib, həmişə də edəcək.

Hərbi qulluğun kişilik, mərdlik məktəbi olduğunu söyləyən Bəhruz Ağaverdiyev xidmət edəcəyi hərbi hissədə ən nümunəvi əsgər olacağına söz verib. Şəhid Bəhruz Ağaverdiyevin valideynləri - İzacət və Əliheydər Ağaverdiyevlər də nəvə Bəhruzun əsgərlik həyatına qədəm qoymasından məmnun olduqlarını deyərək  bütün gənclərə yaxşı yol arzulayıblar.

Ümumiyyətlə, qusarlı gənclər Azərbaycanın Silahlı Qüvvələrində həmişə xüsusi həvəslə xidmət ediblər və etməkdədirlər. 1990-cı illərdə gənclər arasında müşahidə olunan ordudan yayınma, fərarilik hallarına indi rast gəlinmir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qusar şöbəsindən əldə etdiyimiz məlumata görə, son illər ölkədə ordu quruculuğu sahəsində aparılan məqsədyönlü tədbirlər nəticəsində Qusarda ordudan yayınma halları tam aradan qaldırılıb. İndi Qusar gəncləri müxtəlif hərbi hissələrdə, xüsusən döyüş bölgəsində layiqincə xidmət edirlər.