Vergilər Nazirliyindən "Turan"la bağlı AÇIQLAMA - YENİLƏNİB

05 Oktyabr, 2017 14:40 | Siyasət | Baxış sayı: 106
"Turan" İnformasiya Agentliyinin ofisində axtarış
"Turan" İnformasiya Agentliyinin ofisində axtarış

Sərəncam geri götürülüb

Vergilər Nazirliyi "Turan" informasiya agentliyinin bank hesabına sərəncam qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən İstiPress-ə verilən məlumata görə, vergi ödəyiciləri vergi öhdəliklərini vaxtında yerinə yetirmədikdə, onların bank hesablarına Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sərəncam qoyulur: "Bank hesablarına sərəncam qoyulması və qoyulmuş sərəncamın geri götürülməsi Vergilər Nazirliyi ilə banklar arasında bağlanılmış elektron sənəd mübadiləsi haqqında kollektiv sazişin tələblərinə əsasən insan amili olmadan, avtomatlaşdırılmış qaydada və elektron şəkildə həyata keçirilir. Həmin proqram təminatında yaranmış texniki nasazlıq səbəbindən "Turan" informasiya agentliyinin bank hesabına sərəncam qoyulub və dərhal bu nasazlıq aradan qaldırılaraq sərəncam geri götürülüb".

saat 10:15

Vergilər Nazirliyi oktyabrın 2-də Turan agentliyinin hesabları olan banklara hesaba daxil olan pul vəsaitlərinin agentliyin vergi borcunun ödənilməsi üçün müsadirə edilməsi haqqında göstəriş göndərib. Agentliyin məlumatına görə, bu qərar agentliyin oktyabrın 1-dən işini bərpa etməsindən sonra banklara göndərilib.

Sentyabrın 5-də də banklara belə bir göstəriş göndərilmişdi, amma sentyabrın 15-də Vergilər Nazirliyi agentliyin hər-hansı borcunun olmaması haqqında məlumat göndərdikdən sonra ləğv edilmişdi. Amma sentyabrın 18-də Vergilər Nazirliyi yenidən agentliyə 37 min manat ölçüsündə borcun bərpa edildiyi haqqında bildiriş göndərib.

Bu fonda baş prokuror Zakir Qaralov sentyabrın 30-da jurnalistlərə bildirib ki, Turan agentliyinin işi üçün heç bir problem yoxdur. 

Xatırladaq ki, avqustun 7-də Bakı Lokal Vergilər Departamenti agentliyin 31 iyul 2014-cü ildən 31 iyul 2017-ci ilə qədər olan dövrdə 26 907 manat məbləğində vergi ödənişindən yayınması və təxminən 10 000 manat cərimə tətbiq edilməsi haqqında qərar çıxarıb. Agentlikdən tələb olunan ümumi məbləğ təxminən 37000 manat təşkil edib. Avqustun 8-də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti faktla bağlı səyyar yoxlamaya başlayıb.

Buna paralel olaraq, agentliyə qarşı cinayət işi açılıb, onun direktoru Mehman Əliyev isə avqustun 24-də həbs edilib. Sentyabrın 11-də ona qarşı "başqa yerə getməmək" haqqında qətimkan tədbiri seçilib.