İlham Əliyev: Sonra sülh olacaq və ...

05 Oktyabr, 2017 09:05 | Siyasət | Baxış sayı: 1077
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezident Ermənistanın danışıqlar prosesinə qayıtdığını deyib

"Ermənilərə qarşı beynəlxalq səviyyədə təzyiq artanda, onlar 2014-cü ildə olduğu kimi, təmas xəttində hərbi təxribatlara başlayırlar. Onlar hərbi helikopterlərlə bizim mövqelərimizə hücum edəndə və biz cavab vermək məcburiyyətində qalanda bu, bütünlükdə 2015-ci il ərzində danışıqların dondurulmasına səbəb oldu".

"Bizə məxsus torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcəyik"

İstiPress-in məlumatına görə, bunu Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən çıxış edən prezident İlham Əliyev deyib. 

Onun sözlərinə görə, 2016-cı ildə təzyiq yenidən artmağa başlayanda onlar kəndlərimizi atəşə tutmağa başladılar və 6 mülki şəxsi qətlə yetirdilər, 20-dən artıq adam yaralandı və biz yenə də cavab verməli olduq. Cavab çox ciddi və effektiv oldu. "Biz ərazilərimizin mühüm hissəsini azad etməyə müvəffəq olduq.

Ermənilər yenə də bunu bəhanə edərək bizi təcavüzdə günahlandırdılar və danışıqlara yenidən başlamaq üçün şərtlər irəli sürməyə başladılar. Sözsüz ki, Azərbaycan bu şərtlərin heç birini qəbul etmədi. Ermənilər bizim bunu heç vaxt qəbul etməyəcəyimizi yəqin ki, başa düşürlər. Bu, ola bilsin ki, onlar üçün məlum səbəblərə görə daha bir vaxt qazanmaq fürsəti idi.

Beləliklə, 2016-cı ildə, ilin ikinci yarısında və 2017-ci ildə danışıqlarla bağlı vəziyyət bir növ dondurulmuşdu. Onların taktikası status-kvonu bacardıqları qədər dəyişməz saxlamaqdır. Hazırda onlar regionun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qondarma “Dağlıq Qarabağ respublikası”nın bir hissəsi kimi təqdim olunduğu yeni xəritələrini tərtib edirlər. Bu, onların münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir.

Bizim mövqeyimiz çox aydın və sadədir, dəfələrlə ifadə olunub. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Tarix bu faktı təsdiqləyir. Dağlıq Qarabağ Azərbaycanın qanuni hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Biz tarixən bizə məxsus olan torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməli, Ermənistanın işğalçı qüvvələri işğal olunmuş bütün ərazilərdən qeyd-şərtsiz çıxarılmalıdır. Sonra sülh olacaq və vəziyyət sabit hesab ediləcək".

Prezident qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. "Mənim buna şübhəm yoxdur. Məsələ burasındadır ki, biz bunu sülh yolu ilə etmək istəyirik".

Dövlət başçısı yekun nitqində də Qarabağ məsələsinə toxunub. O, qeyd edib ki, bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. "Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz.

Onlar əraziləri işğal etməklə yanaşı, etnik təmizləmə aparıb və işğal olunmuş əraziləri viran ediblər. Bütün bunlardan sonra onlar danışıqların bərpası üçün hələ şərtlər də irəli sürürlər. Ancaq bu gün hesab edirəm ki, danışıqlar formatı bərpa olunmaqdadır".

İ.Əliyev bir neçə gündən sonra ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfirləri ilə görüşəcəyini və gələcək danışıqları, habelə prezidentlər səviyyəsində mümkün görüşü müzakirə edəcəklərini deyib.