Aprel döyüşlərinin qəhrəmanı doğum günündə anıldı

05 Sentyabr, 2019 17:59 | Siyasət | Baxış sayı: 146
Ravil Novruzov
Ravil Novruzov

Yaşasaydı, bu gün 33 yaşını qeyd edəcəkdi

Bu gün aprel şəhidi, Azərbaycan Ordusunun xüsusi təyinatlı hərbçisi Ravil Elman oğlu Novruzovun doğum günüdür. Yaşasaydı, bu gün 33 yaşını qeyd edəcəkdi.

İstiPress-in şimal bürosunun məlumatına görə, Ağdərə rayonunun Talış kəndi ətrafında 2016-cı il aprel ayının 2-də şəhid olan Ravil Novruzov doğulduğu Xızı rayonunun Giləzi qəsəbəsindəki qəbristanlıqda dəfn olunub. Ailənin 3-cü övladı olan Ravil qulluq dövründə özünü sözün həqiqi mənasında vətənpərvər gənc kimi tanıda bilmişdi. Bir qrup döyüşçü heyətilə hərbçi yoldaşlarını xilas etmək məqsədilə düşmənin strateji postunu darmadağın edərkən aldığı güllə yarasından şəhid olub.

Ailəsi, doğmaları, giləzililər, hərbçi yoldaşları onunla fəxr etdiklərini deyirlər. Qardaşı Mirzə Ravilin hərbçi yoldaşına ünvanladığı yazılı və səsli mesajı İstiPress-ə təqdim edib. Söyləyib ki, Ravil məhz darda olan yoldaşlarını xilas edərkən yaralanıb və şəhidlik zirvəsinə yüksəlib.

Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunan Xızının igid oğlu Ravil Novruzov subay olub. 29 yaşında şəhid olan Ravil Novruzov bu gün məzarı başında bir daha anılıb. Doğmaları, ailə üzvləri, qəsəbə sakinləri vətənpərvər oğullarının məzarı önündə onun qəhrəmanlığından bir daha danışıb, ruhunu ehtiramla yad ediblər.