Beyrutda dəhşətli partlayış - 100 ölü, 4000 yaralı

05 Avqust, 2020 12:40 | Siyasət | Baxış sayı: 89

Livanın paytaxtı Beyrutda dəniz limanında güclü partlayışlar olub.

İstiPress-in məlumatına görə, Livan Səhiyyə Nazirliyi bildirib ki, partlayış nəticəsində 100-dən çox adam ölüb, dörd mindən artıq yaralı var. Partlayışın gücü ilə 3 mərtəbəli bina çöküb. Dağıntılar altında insanların olduğu bildirilir. Hadisədən sonra Livanda matəm elan edilib.

Baş verən güclü partlayışın ilkin səbəbləri açıqlanıb. Livanın “LBC International” telekanalı məlumat verir ki, Beyrut limanında baş vermiş partlayış aparılan qaynaq işləri zamanı 2 700 ton selitrin partlaması nəticəsində meydana gəlib.

“Oğurluq hallarının qarşısını almaq məqsədilə hasardakı dəliklərdə qaynaq işlərinin icra edildiyi zaman 2 700 ton selitr partlayıb”, - telekanal hüquq-mühafizə orqanlarının ilkin nəticələrinə istinadən xəbər verir.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 100-dən çox adam ölüb, dörd mindən artıq yaralı var.

“Al Jazeera” telekanalı isə BMT Baş katibinin müavini Fərhan Haka istinadən xəbər yayıb ki, partlayış zamanı yaralananların 48 nəfəri bu beynəlxalq təşkilatın əməkdaşlarıdır.

Qeyd edək ki, hazırda Beyrut fəlakət bölgəsi elan edilib.