XİN: "Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyllidir”

05 İyul, 2018 19:43 | Siyasət | Baxış sayı: 58
XİN
XİN

“Təəssüflə qeyd edirəm ki, Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatları Ermənistan-Azərbaycan münaqişənin həlli və regionun inkişafı ilə əlaqədar hər hansı konstruktiv baxış ortaya qoymur. Serj Sarkisyan erasını xatırladan bəyanatlarla çıxış edən Ermənistan XİN gələcəyə baxış olmadan qonşu dövlətlərə qarşı yalnız əsassız iddialarla çıxış edir”.

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Brüsseldə dərc edilən “Euractive” dərgisində dərc olunmuş “Ermənistan-Azərbaycan münaqişəsi: Davamlı sülh və əbədi müharibə arasında” başlıqlı məqaləsində qeyd olunub.

Ermənistan tərəfinin bütün vasitələrlə münaqişənin fundamental əsasını təşkil edən işğal və hərbi təcavüz məsələsinin üstündən keçməyə cəhd göstərdiyini yazan H.Hacıyev qonşu ölkənin gücdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdiyini diqqətə çatdırıb. O, işğal edilmiş ərazilərdə bir milyondan artıq mülki Azərbaycan əhalisinin qanlı etnik təmizləməyə məruz qaldığını və dənizə çıxışı olmayan və dağlıq relyefə malik kiçik ölkə kimi Ermənistanın hamıdan çox qonşu dövlətlərlə inteqrasiyaya ehtiyacı olduğunu bildirib.

H.Hacıyev deyib ki, Ermənistanda labüd hakimiyyət böhranı baş verəndə Azərbaycan açıqlama ilə çıxış edərək yeni hakimiyyət sağlam təfəkkürlü siyasət yürüdərsə, münaqişənin həllində irəliləyiş əldə etməyin mümkün olacağını vurğulayıb. Amma indiyə qədər görünən odur ki, Ermənistanın yeni

hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyllidir.

H.Hacıyevin sözlərinə görə, Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir: “Ermənistanın işğala əsaslanan mövcud status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin ilhaq etmək cəhdləri heç zaman gözlənilən nəticəni verə bilməz və legitim hesab oluna bilməz. İşğalın davam etdirilməsi Ermənistanın geosiyasi və geoiqtisadi tənəzzülünü daha da dərinləşdirəcək. Ermənistanın yeni rəhbərliyi qanunun aliliyi və insan hüquqlarına hörmət etdiyini iddia edirsə, onda beynəlxalq hüquqi öhdəliklərinə əsl sadiqliyini əməldə nümayiş etdirməlidir. Bu mənada BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı, Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşını almağı dayandırmalı və qonşularla sivil münasibətlər qurmalıdır”.

Ermənistan-Azərbaycan münaqişəsi kimi mürəkkəb məsələnin bir paketdə həll edilməsinin qeyri-mümkünlüyü yazan H.Hacıyev sülh quruculuğu üçün edilməsi mümkün olan məsələlərin həyata keçirilməsinə dərhal başlanılmalı olduğunu söyləyib və bunun alternativinin əbədi qarşıdurma və müharibə olduğunu qeyd edib.

Məqalənin sonunda H.Hacıyev indi seçimin Ermənistan tərəfində olduğunu bildirib.