Serj Sarkisyanın işğal etdiyi ölkə

05 İyul, 2018 16:45 | Siyasət | Baxış sayı: 808
1 mart 2008-ci il - İrəvanda etirazlar
1 mart 2008-ci il - İrəvanda etirazlar

Erməni prezidentini gözləyən yeni məkan

İrəvanda 2008-ci il martın 1-də prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edən nümayişçilərə qarşı ordudan istifadə edilməsinə görə Serj Sarkisyana qarşı cinayət işa açılmalıdır.

İstiPress-in məlumatına görə, bu barədə “Vestnik Kavkaza” portalına verdiyi müsahibədə müxalifətçi “Erməni Milli Konqressi” partiyasının sədr müavini Levon Zurabyan bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı yalnız Ermənistanın keçmiş müdafiə naziri general-polkovnik Mikael Arutyunyana qarşı cinayət işi qaldırılması düzgün deyil və bu işdə bir çox adamın, o cümlədən prezident kürsüsünə yiyələnmiş baş nazir Serj Sarkisyanın, ondan əvvəlki prezident Robert Koçaryanında da əli var.

O vaxt “Erməni Milli Konqressi” partiyasının prezidentliyə namizədi Levon Ter-Petrosyanın 22 faiz səs topladığı  bildirilmişdi, Serj Sarkisyana isə 52 faiz səs verilmişdi. “Erməni Milli Konqressi” buna etiraz etdikdə dinc nümayişə atəş açılmışdı və səkkiz etirazçı həlak olmuşdu.

Bu məsələ ilə bağlı aradan 10 il keçdikdən sonra  Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Mikael Arutyunyan İrəvanda 2008-ci il martın 1-də prezident seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq küçələrə çıxan nümayişçilərə qarşı ordudan istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub.

Arutyunyan konstitusion quruluşu devirməkdə ittiham edilir və prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsadət verib. Lakin general Arutyunyanın yerini müəyyən etmək mümkün olmayıb və barəsində axtarış elan edilib. Məlumatı Ermənistanın Xüsusi İstintaq Xidməti yayıb.

Robert Koçaryan və Serj Sarkisyan
Robert Koçaryan və Serj Sarkisyan

Məlumatda deyilir ki, bu gün Arutyunyana və digərlərinə qarşı 2008-ci il fevralın 23-dən martın 2-nə qədər Ermənistanda konstitusion quruluşun devrilməsi ittihamı ilə cinayət işi başladılıb. Bu cinayət işi 2008-ci il martın 1-də və 2-də İrəvanda baş vermiş hadisələrin, yəni nümayişçilərə atəş açılması üzrə cinayət işinin istintaqına birləşdirilib. Arutyunyan digər vəzifəli şəxslərlə əlbir olaraq konstitusion quruluşu devirməkdə ittiham olunur

General-polkovnik Mikael Arutyunyan 1946-cı ildə Azərbaycanın Şamaxı rayonunda anadan olub, 1963-1967-ci illərdə Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində təhsil alıb. Sonradan sovet ordusunda xidmətə başlayıb, Zaqafqaziya Hərbi Dairəsinin 7-ci ordu korpusunun kəşfiyyat rəisi-qərargah rəisinin müavini vəzifəsinə qədər yüksəlib. 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisinin birinci müavini, Əməliyyat İdarəsinin rəisi olub. 1994-2007-ci illərdə Baş qərargah rəisi vəzifəsini tutub. 2007-ci ildə müdafiə naziri təyin edilib və bir il bu vəzifəni icra edib. Daha sonra Baş hərbi müfəttiş təyin edilib. Yəni 1998-ci ildə hakimiyyəti ələ keçirmiş Qarabağ klanının əsas fiqurlarından biri olub.

Ermənistan İstintaq Komitəsi Mikael Arutyunyanı hələ ki, həbs edə bilməyib. Amma keçmiş prezident Robert Koçaryan artıq bununla bağlı bir neçə dindirilib. Əgər Arutyunyan ələ keçərsə, bu, Serj Sarkisyan üçün də həbsxana qapılarını aça bilər. Hər halda, baş nazir kimi müdafiə nazirinə əmri onun verdiyi düşünülür.