Prezident məmurun sözünü ağzında qoydu - "Siz, utanmalısınız"

05 İyul, 2018 08:38 | Siyasət | Baxış sayı: 376
İlham Əliyev - Azərbaycan prezidenti
İlham Əliyev - Azərbaycan prezidenti

İlham Əliyev qəzaya görə "Azərenerji"nin bəhanəsini qəbul etmədi

"Bəziləri bu qəzanı isti hava ilə bağlayırlar. Bu, qəzanın səbəbi ola bilməz. Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri də aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi - bu, yumşaq desək böyük səhvdir".

İstiPress-in məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə deyib. Prezident Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevin sözünü yarımçıq kəsərək ondan izahat tələb edib. 

O, qəzanın səbəblərini komissiyanın araşdıracağını deyib. "Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin indi burada deyilən ziyanını hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib. Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət İnvestisiya Proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır. İndi yeni elektrik stansiyaları tikilir. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?!

Siz bunun səbəbləri haqqında danışmalısınız. Bunun izahatını siz verməlisiniz. Yoxsa mənə indi verilən məlumat ki, havalar isti keçir, istehlak artır, bu, məni qane edə bilməz, qətiyyən. Əyləşin.

Bir daha deyirəm, Yaqub Eyyubov, məsələni çox ciddi araşdırmaq lazımdır. Bütün komissiya üzvləri fəal işləməlidirlər. Qısa müddət ərzində həm birinci qəzanın səbəbləri, xüsusilə ikinci qəzanın səbəbləri haqqında mənə məruzə edilməlidir".