Moskvanın ikiqat aldatdığı Azərbaycan

05 İyul, 2018 20:44 | Siyasət | Baxış sayı: 840
Fəhlə və kolxozçu qadın abidəsi - Moskva
Fəhlə və kolxozçu qadın abidəsi - Moskva

Rusiya Bakı sakinlərinin ümidini doğrultmadı

Sovet dövründə mərkəzdən ən az dotasiya alan iki respublikadan biri Azərbaycan olub.

İstiPress-in məlumatına görə, bu barədə «Rambler» portalı tərəfindən dərc olunmuş «Hansı respublika daha üstün idi?» başlıqlı məqalədə  bildirilib.

Məqalədə qeyd edilir ki. ən çox dotasiya alan respublika Litva olub. Mərkəzi hakimiyyət il ərzində bu Baltikyanı respublikaya adambaşına 997 rubl, yəni təxminən 1300 dollar yardım edib. Daha sonra onun qonşusu Estoniya gəlib və o, mərkəzdən adambaşına 812 rubl (1055 dollar) dotasiya alıb.

Moldova mərkəzdən  adambaşına  612 rubl (795 dollar), Latviya 485 rubl (630 dollar), Ermənistan isə 415 rubl (540 dollar) dotasiya alıb. Adambaşına dotasiyalar Qazaxıstanda 399 rubl (520 dollar),  Gürcüstanda 354 rubl (460 dollar),  Qırğızıstanda 246 rubl (320 dollar) , Tacikistanda 220 rubl  (286 dollar), Belarusda 201 rubl (261 dollar), Özbəkistanda isə 128 rubl  (166 dollar) təşkil edib. Ən az dotasiya alan ölkələr isə Azərbaycan və Ukrayna olub. Azərbaycana adambaşına 64 rubl, yəni 83 dollar, Ukraynaya isə 56 rubl, yəni 73 dollar dotasiya verilib.

Təbii ki, böyük dotasiyalar alan respublikalar həmin pulları əhalinin rifahının inkişafına yönəldirdi. Belə sahələrdən biri təhsil idi. 1989-cu ilin siyahılalmasının nəticələrinə görə, ali təhsillilərin payına görə,  birinci yerdə Gürcüstan gedir - əhalinin 15,1%-i ali təhsilli olub. Daha sonra Ermənistan (13,8%), Estoniya (11,7%), Latviya (11,5%) və Rusiya (11,3%) gəlir. Göründüyü kimi, Azərbaycanın adı bu sırada olmayıb. Çünki dotasiya, uyğun olaraq göstərici aşağı olub.

Halbuki, mərkəzin məhsula tətbiq edilən 60 faizlik sosial sığorta ödənişləri hesabına topladığı həmin vəsaitlərin böyük hissəsi Azərbaycana gəlməli idi. Çünki həmin vəsaitləri yaradan üç əsas respublikdan biri Azərbaycan idi. Azərbaycan həm də SSRİ-ni Böyük Vətən müharibəsi illərində öz nefti ilə xilas edib. Təsadüfi deyil ki, bu məsələ o vaxt SSRİ-nin himninin müəllifi Sergey Mixalkovun şeirlərində belə öz əksini tapmışdı. Amma nədənsə müharibə bitdikdən sonra Bakının adı qəhrəman şəhərlər sırasına düşmədi. Halbuki, Azərbaycan paytaxtı buna layiq olmaq üçün çox iş görmüşdü, 15 yaşlı gənclər erkən saatlarda neft mədənlərinə qaçmışdılar ki, uzaq Stalinqrada neft göndərərək sovet vətənini xilas etsinlər.