Paşinyan böyük müharibənin anonsunu verdi

05 İyun, 2018 20:57 | Siyasət | Baxış sayı: 1969
Nikol Paşinyan
Nikol Paşinyan

Qarabağda ciddi dəyişikliklər gözlənilir

Nikol Paşiyanın iyunun 7-də parlamentə səsvermə üçün təqdim edəcəyi hökumət proqramını obrazlı şəkildə əsas siyasi rəqibinə qarşı böyük müharibə anonsu da saymaq olar.

İstiPress-in məlumatına görə, Paşinyanın proqramı bir növ dünyanın ən unikal hökumət proqramıdır. Unikallığı ondadır ki, bu proqramda  heç bir rəqəm yoxdur. Bu, daha çox siyasi proqramdır.

Ermənistanın “1in.am” saytının yazdığına görə, hökumət proqramına səs vermiş parlament əslində özünü buraxmağa səs verəcək və uzağı bir ildən sonra parlament tam yenilənəcək. Yeni parlamentdə  üstünlük yəqin ki, Paşinyan tərəfdarlarının olacaq.

Hələ ki, 54 deputatla Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyasının nəzarətindədir. Amma erməni KİV-ləri yazır ki, yaxın günlərdə 10-a yaxın oliqarx deputat partiya sıralarını tərk edəəck. Hər halda, onlar öz bizneslərini qorumalıdırlar.

Belə görünür ki, Paşinyan hələ ki, heç bir vədinə əməl etmək fikrində deyil və əsas istəyi Respublika Partiyasının, yəni Qarabağ klanının şah damarını vurmaqdır. Buna görə, onun təyin etdiyi əmək naziri Mane Tandilyan da elə ürək açan vədlər verməyib. Ermənistan əhalisinin 34 faizinin yoxsulluq haddindən aşağı yaşadığını bildirən xanım Tandelyan faktiki olaraq yoxsulluqla mübarizənin qeyri-mümkün olduğunu bildirib və bu məsələ əsas günahkarın Qarabağ klanı olduğuna işarə vurub.

Xankəndidə iğtişaşlar
Xankəndidə iğtişaşlar

Levon Ter-Petrosyan kimi ustadının tövsiyyələrinə baxmayaraq, böyük ehtimalla, Paşiyan Qarabağdan da Sarkisyan tərəfdarlarını rədd edəcək. Sirr deyil ki, Xocalı cəlladlarından olan Bako Saakyan Qarabağ klanının əsas fiqurlarındandır və hətta Serj Sarkisyan vəzifədən gedəndə yerinə təklif etdiyi namizədlərdən biri o idi. Amma “Sputnik Armeiya”nın yazdığına görə, Saakyanın rəhbərlik etdiyi işğal rejiminin funksionerləri arasında da Qarabağda dəyişikliklərin vacib olduğunu vurğulayanlar var. Onlardan biri Edqar Elbakyan bildirib ki, heç bir müharibə qorxusu xalqı ağzını yummağa vadar edə bilməz. Yəni Qarabağda Paşiyan ssenarisi gec-tez gerçəkləşəcək.